Muxtar respublikada qurulan müasir səhiyyə infrastrukturu, yaradılan münbit şərait əhalinin sağlamlığına nəzarətin vaxtında həyata keçirilməsinə, xəstələrin dispanserizasiyasının yüksək səviyyədə aparılmasına imkan verir. Bununla birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikada əhaliyə göstərilən dispanserizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə lazımi tədbirləri daim davam etdirir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu fikirlər nazirliyin iş planına uyğun olaraq “Muxtar respublika əhalisinə göstərilən dispanserizasiya xidmətinin vəziyyətinin daha da yaxşılaşdırılması” mövzusunda keçirilən seminarda səsləndirilib.
Muxtar respublikanın tibb müəssisələrində çalışan və bu xidmətə nəzarət edən həkim və orta tibb işçilərinin iştirak etdiyi seminarda səhiyyə nazirinin müavini Samrat Gəncəyeva muxtar respublikada səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bu gün Naxçıvanda bütün səhiyyə ocaqları yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu da muxtar respublikada insan sağlamlığına göstərilən qayğının bariz nümunəsidir. Nazir müavini çıxışında muxtar respublikada dispanserizasiya xidmətinin təşkili məsələlərindən danışıb.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, dispanserizasiya əhalinin sağlamlığının qorunması üçün ən vacib profilaktik tədbirlərdən biridir. Əhalinin sağlamlığı üzərində dinamik nəzarət üsulu olan dispanserizasiyanın əsas məqsədi xəstəliklərin erkən üzə çıxarılması, qeydiyyata alınması, onların müayinə və müalicəsinə nəzarət edilməsi, eləcə də xəstəliklərin yaranması və yayılmasının qarşısının alınmasıdır. Dispanserizasiya tədbirləri, həmçinin praktiki sağlam hesab olunan insanların müayinəsi, onlarda gizli xəstəliklərin vaxtında aşkarlanmasına imkan verir.
Qeyd edilib ki, dispanserizasiya xidmətinin icrası müvafiq ixtisaslı dispanserdə və mərkəzlər tərəfindən, həmçinin rayonlarda rayon mərkəzi xəstəxanalarının poliklinika şöbəsindəki müvafiq kabinələr, kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer məntəqələri tərəfindən yerinə yetirilir. Şəhər mərkəzində isə bu funksiya Naxçıvan Şəhər Poliklinikası tərəfindən icra olunur. Aidiyyəti tibb müəssisələri müvafiq dispanserlər və mərkəzlərlə əlaqələrini daha da yaxşılaşdırmalı, qeydiyyatda olan xəstələr üzərində müayinə və müalicə tədbirləri artırılmalıdır.
Seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.