2022-ci ilin ötən dövrü ərzində muxtar respublikada 5801 obyektdə 2 milyon 236 min kvadratmetrdən artıq sahə dezinfeksiya olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf sürətlə davam edir, bu sahəyə hərtərəfli diqqət və qayğı göstərilir. Bütün səhiyyə müəssisələrinin infrastrukturu yenilənir, maddi-texniki bazası zənginləşdirilir, yeni tibb müəssisələri tikilərək ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin edilərək əhalinin istifadəsinə verilir. Yaradılan şərait muxtar respublikamızda əhalinin rifahını, sağlamlıq imkanlarını yüksəltmiş, insan sağlamlığının təminatına dayaq olmuşdur. Bu özünü son illərin ən aktual probleminə çevrilən pandemiya ilə mübarizəyə qarşı muxtar respublikamızda aparılan tədbirlərin müsbət nəticələrində daha aydın büruzə verir.

Məlumdur ki, bütün dünyada yayılan, ən inkişaf etmiş bəzi ölkələrdə belə həyatın bir çox sahəsini iflic etmiş COVİD-19 infeksiyası, təəssüf olsun ki, muxtar respublikadan da yan keçməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqəti və qayğısı sayəsində muxtar respublikada infeksiyaya qarşı qabaqlayıcı tədbirlər yüksək səviyyədə təşkil edilmiş, xəstəliyin geniş yayılmasının qarşısı alınmış, əhali infeksiya ilə mübarizədə qalib gəlmişdir. Bütün bunların nəticəsidir ki, Naxçıvanda pandemiyaya qarşı görülən işlər, aparılan tədbirlərin müsbət nəticələri nümunə olmuşdur. İnfeksiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlərdən ən öndəsi isə 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin binasının yenidən tikilərək ən müasir tibbi avadanlıqlarla və lazımi reaktiv və dezinfeksiyaedici vasitələrlə təmin olunaraq əhalinin istifadəsinə verilməsi oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi muxtar respublikada aparılan əks-epidemik tədbirləri, sanitar-epidemioloji xidmətin fəaliyyətini önə çəkdi. Proqramın icrası ilə əlaqədar verilmiş tapşırıqların yerinə yetirilməsi məqsədilə muxtar respublikada əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırıldı.

Ötən dövr ərzində yaşayış məntəqələrində və əhalinin sıx olduğu yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılıb, idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dezinfeksiya olunubdur. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatlarının həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə təkcə 2022-ci ilin ötən dövrü ərzində muxtar respublikanın şəhər və rayonlarında viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qrafik əsasında Naxçıvan şəhərində 311, Şərur rayonunda 1040, Babək rayonunda 1207, Ordubad rayonunda 661, Culfa rayonunda 1216, Kəngərli rayonunda 488, Şahbuz rayonunda 330, Sədərək rayonunda isə 549 olmaqla, ümumilikdə 5801 obyektdə dezinfeksiya işləri aparılıb ki bu da  2 milyon 236 min kvadratmetrdən artıq sahəni əhatə edir. Hazırda genişmiqyaslı dezinfeksiya tədbirləri davam edir. Həmçinin Mərkəz tərəfindən may ayı ərzində 20 müəssisədə monitorinqlər aparılıb, Naxçıvan şəhəri ərazisində inşa edilən yaşayış komplekslərinə baxış olub, tikintidə çalışan işçilər üçün əmək şəraitinə uyğun nəzərdə tutulmuş soyunub-geyinmə otaqları, xüsusi geyim formaları, sanitar qovşaqlar, yeməkxanaların, ilk tibbi yardım dərmanlarının sanitar norma və qaydalara cavab verib-verməməsi yoxlanılıb, sahibkara lazımi tövsiyələr verilib.

Proqramın icrası ilə əlaqədar olaraq sanitar epidemioloji vəziyyətlə bağlı şəhər və rayon mərkəzi xəstəxanalarında və ambulatoriyalarında monitorinqlər təşkil edilib, istehsal və xidmət obyektlərində sanitar-gigiyenik vəziyyət nəzarət altında saxlanılıb, muxtar respublikada fəaliyyət göstərən şadlıq sarayları, istehsal obyektləri və ərzaq mağazalarında yoxlamalar aparılıbdır.

Kütləvi qeyri-infeksion xəstəliklərin qarşısının alınması məqsədilə 2022-ci ilin mart ayından bu günədək Gigiyena və Epidemiologiya Mərkəzinin toksikoloji laboratoriyası tərəfindən qeyri-ərzaq məhsullarında 7 nümunədə 20, ərzaq məhsullarında 10 nümunədə 36 analiz olmaqla, ümumilikdə 56 müayinə aparılıb.

Görülən işlər muxtar respublikada səhiyyənin təkmilləşməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması ilə nəticələnib ki, bu da insan sağlamlığı, rifahı və təhlükəsizliyinə göstərilən qayğının, muxtar respublikanın inkişafına verilən əməyin ən bariz nümunəsidir.                                                               

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: