Azərbaycan kardioloqlarının növbəti regional konfransı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 15 İyun-Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Kardiologiya Cəmiyyəti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə kardioloqların regional konfransı keçirilib. Konfransda ürək-damar xəstəliklərinin aktual problemləri ətraflı müzakirə edilib, müayinələr aparılıb.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, öz ehtiramlarını bildiriblər.
Sonra qonaqlar Heydər Əliyev muzeyi ilə tanış olublar. Xalqımızın ümumilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi–tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Ulu öndərin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Muzeydə ümumilli liderin ictimai-siyasi fəaliyyəti, ulu öndərin Naxçıvanda fəaliyyət göstərdiyi illərə aid eksponatlar, fotolar və digər dəyərli nümunələr xüsusi maraq doğurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Konfrans zalında davam etdirilən konfransda Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvləri, həkim-kardioloqlar, muxtar respublikanın tibb işçiləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin rezident və tələbələri iştirak edib.
Konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov səhiyyə sisteminə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışaraq bildirib ki, muxtar respublikada aparılan genişmiqyaslı islahatlar nəticəsində bu gün muxtar respublika əhalisinin sağlamlıqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikamızın səhiyyə müəssisələrinin müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki baza ilə təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi tibbi təminatın təşkilinə şərait yaradır. Yaradılan şəraitdən Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzinə də pay düşüb, Mərkəzin binası ən müasir tibbi avadanlıqlarla, eləcə də son illərdə ürək-damar xəstəliklərinin diaqnostikasında geniş tətbiq olunan angioqrafiya aparatı ilə təchiz edilib. Hansı ki, sözügedən angioqrafiya apratı son illər ürək-damar xəstəliklərində dəqiq diaqnoz qoymaq, infarktın qarşısının alınması üçün stendqoyma baxımından ən vacib müayinə metodu sayılır. Xəstələrin sağalması istiqamətində yeni müalicə üsulları, dərmanlar araşdırılıb tətbiq olunur.
Nazir qeyd edib ki, muxtar respublikada səhiyyənin inkişafı üçün ölkənin, eləcə də xarici ölkələrin tibb müəssisələri ilə əlaqələr genişləndirilir, tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq muxtar respublikaya yüksəkixtisaslı həkim heyəti dəvət olunaraq yerli kadrlarla müxtəlif tibbi aksiyalar, ölkə və beynəlxalq səviyyəli elmi konfranslar, bilik və təcrübə mübadiləsi seminarları təşkil edilir. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq hər il muxtar respublikada kardioloqların regional konfransının keçirilməsi artıq ənənə halını alıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzində yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, artıq muxtar respublikada ürək-damar xəstəliklərinin müayinəsi, konservativ müalicəsi ilə yanaşı, cərrahi əməliyyatlar da yüksək səviyyədə aparılır. Bu istiqamətdə görülən işlər isə əhalinin tibbi tələbatının ödənilməsinə şərait yaradır ki, bu da insan amilinə verilən dəyərin parlaq ifadəsidir.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov çıxış edərək bildirib ki, Kardiologiya Cəmiyyətinin əsas məqsədi Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarətdir. İctimai Birlik bu məəqsədə çatmaq üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirir. Naxçıvanda təşkil olunan konfrans da bu sahədə görülən tədbirlərin davamıdır.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev qeyd edib ki, Naxçıvanda müasir angioqrafiya aparatları ilə aparılan müayinə və müalicələrdə, açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması proseslərində gənc kadrların fəal iştirakı deməyə imkan verir ki, artıq kardiologiya Naxçıvanda da bir elm kimi inkişaf edir. Konfransın keçirilməsində də məqsəd bu sahədə çalışan kardioloqların elmi biliklərini artırmaq, praktik vərdişlərini daha da yüksəltmək, bu xəstəliklərin diaqnostikası, profilaktikasında müasir yanaşmalara nail olmaq, yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaqdan ibarətdir. Azərbaycan Kardiologiya Cəmiyyəti və YAP İdarə Heyətinin Üzvü Tofiq Cahangirov, ürək-damar xəstəlikləri barədə mühazirələr oxuyub, yeni müalicə metodlarından söhbət açıblar.
Qeyd olunub ki, bu gün ürək-damar xəstəlikləri dünyada ölümün və sağlamlıq imkanları məhdudluğun əsas səbəblərindən biri sayılır və bu xəstəlik üzündən hər il 17 milyondan çox insan dünyasını dəyişir. Buna görə də kardiologiyanın inkişafı müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edir. Konfransın keçirilməsində də əsas məqsədlərdən biri dünya kardiologiya elminin nailiyyətlərini təbliğ etmək, ürək-damar xəstəliklərinin yayılması səbəblərini öyrənmək, Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etmək olub.
Konfrans öz işini digər mühazirələrlə davam etdirib. Həkim-kardioloqlar “Dislipidemiya və Kardiovaskulyar risk”, “Yenilənmiş protokollar işığında dislipidemiyanın idarəsi”, “Triqliserid və ateroskleroz”, “Arterial hipertenziyası olan dislipidemiyalı pasientlərin idarə olunması”, “Hamiləlikdə hipertenziya”, “Hamiləlik və kardiovaskulyar dərmanlar”, ”Qapaq əməliyyatı olunmuş xəstələr və hamiləlik”, “Ürək-damar xəstəliklərinin müalicəsinə kompleks yanaşma”, “Xroniki böyrək çatışmazlığında antihipertensiv müalicə”, “Ürək çatışmazlığı və sətrici aritmiyada nəbz və ritm kontrolu”, “Ürək çatışmazlığında dəmir defisiti – müalicədə hədəflər”, “HEREF müalicəsində yeni dərmanlar”, “HEREF müalicəsi varmı?”, “Kardiomiopatiyalarda mitral qapaq çatışmazlığının dəyərləndirilməsi” mövzularında çıxışlar ediblər.
Qeyd edək ki, konfransın gedişində həkim-kardioloqlar ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentləri müayinə edib, tövsiyələr veriblər.
Konfransda ürək-damar xəstəliklərinin aktual problemləri ətrafında müzakirələr aparılıb, təkliflər verilib, suallar cavablandırılıb.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov regional konfransın keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib, konfransa yekun vurulub.
Turab Hacızadə