Səhiyyə Nazirliyi valideynləri uşaqlarını Profilaktik peyvənd təqviminə uyğun peyvənd etdirməyə çağırır
Uşaqların peyvənd olunması çox vacibdir. Peyvənd, ilk növbədə, yoluxucu xəstəliklərin qarşısının alınması, məhdudlaşdırılması və ləğvində çox mühüm rol oynayır.
NUHÇIXAN İnformasiya Agentliyi Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, yoluxucu xəstəliklər və onların fəsadlarını aradan qaldırmaq müəyyən zaman tələb edir. Bu səbəbdən valideynlər uşaqlarını peyvəndlərdən kənarda qoymamalıdır. Yoluxucu xəstəliklərə yoluxmaq və onun ağır nəticələri ilə üzləşməkdənsə, peyvəndin vurulması daha yaxşıdır. Bu xəstəliklər uşaqların orqanizminə mənfi təsir edir və yaratdığı fəsadların aradan qaldırılması bütün valideynlərə mənəvi və maddi cəhətdən zərbə vurur.
Uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, onlar xəstəliklərə yoluxmaz və ya daha yüngül keçirər. Valideyn uşağını peyvənd etdirmirsə, onu risk qarşısında qoyur. Buna görə də uşaqları Profilaktik peyvənd təqviminə uyğun peyvənd etdirmək ən doğru qərardır.