Muxtar respublikada qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu – I Beynəlxalq Tibbi Forum - FOTOLAR

A- A A+

Azərbaycan tibb tarixinin ilk böyük forumunun 18-21 iyun 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində keçirilməsi uzun illər ərzində bu bölgədə qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2022-ci il iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Bu gün cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında xüsusi rolu olan Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər bir millətin tərəqqisinin əsas istiqamətlərindən biri olan elmə, təhsilə və səhiyyəyə göstərilən böyük diqqət və qayğı muxtar respublikamızın daha da inkişaf etməsini şərtləndirən əsas amillərdəndir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli səhiyyə sistemi, hər şeydən əvvəl, səhiyyədə ənənəviliklə müasirliyin üzvi vəhdətinin təmin olunması, eləcə də Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğunlaşdırılması prinsiplərinə əsaslanır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səhiyyənin və xüsusilə də ali tibb təhsilinin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək qayğı və diqqət göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm yer verilməsi sayəsində böyük uğurlar qazanılmaqdadır. Bu müddətdə Naxçıvan Dövlət Universitetində də ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə səhiyyənin inkişafı məqsədilə nəzərdə tutulan proqram və layihələr, Naxçıvanda sosial-iqtisadi inkişaf ilə paralel aparılaraq, bütövlükdə, ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının uğurlu nəticəsini təşkil edir. 

Naxçıvan Dövlət Universitetində beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı üzrə siyasi xəttin fəlsəfəsi, Azərbaycan təhsilini uğurlu nəticələr qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, dünya ölkələrinin ali məktəbləri ilə əlaqələrin qurulması və əməkdaşlığın yüksələn xətlə inkişafının prioritet təyin edilməsinin məntiqi yekunu olaraq Naxçıvan Dövlət Universitetinin dünyanın ən yaxşı universitetləri sırasında – “Times Higher Education” (THE World University Rankings 2022) versiyası üzrə aparılan reytinq siyahısında yer alması qürurverici nailiyyətdir.

Xüsusi qeyd olunmalıdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsi böyük inkişaf yolu keçib, muxtar respublikada ixtisaslı həkim hazırlığının əsası qoyulub. Ötən 23 ildə fakültədə tələbələrin təhsili üçün lazımi şərait yaradılıb, müasir xəstəxana istifadəyə verilib, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulub. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 8 ixtisas üzrə 1284 tələbə təhsil alır ki, onlardan da 847-si xarici ölkə vətəndaşıdır.

Yarandığı dövrdə fakültədə yalnız Pediatriya ixtisası üzrə həkim hazırlanırdısa, bu gün Tibbi profilaktika, Müalicə işi, Əczaçılıq, Stomatologiya, 2020-ci ildən Tibb və İctimai səhiyyə, 2021-ci ildən isə Hərbi tibb və Psixologiya ixtisasları üzrə həkim, eləcə də 32 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir. Ötən dövrdə fakültəni bitirən bu gün səhiyyə müəssisələrində uğurla çalışan, Almaniya, İspaniya, Hollandiya, ABŞ, Nigeriya, Türkiyə, İran, Kipr, Gürcüstan və digər xarici ölkələrdə də həkim kimi fəaliyyət göstərən məzunlarımız vardır.

Naxçıvan səhiyyəsinin inkişafı tarixində xüsusi yerə malik universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində kadr hazırlığı ilə yanaşı mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əməkdaşlıq çərçivəsində tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən siyasət bəhrələrini verməkdədir.

Muxtar respublikada aparılan məqsədyönlü səhiyyə siyasətinin davamı olaraq təşkil edilən I Beynəlxalq Tibbi Forum praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş proses kimi mühüm əhəmiyyət daşımışdır. Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə 3 dildə – Azərbaycan, ingilis və rus dillərində keçirilən, Azərbaycan tarixində böyük həcmdə təşkil olunmuş ilk tibbi forumda dünyanın 7 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamı daxil olmaqla, 700-dən çox mütəxəssis iştirak etmişdir. 

Forumun açılışından əvvəl gələn qonaqların ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyması və Heydər Əliyev Muzeyi ilə tanışlığı müstəqil Azərbaycanın qurucusu və memarı olmaqla yanaşı, bütün Şərq, Türk dünyasında tanınan görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi kimi tarixdə iz qoyan bu böyük şəxsiyyətə həm də elm və təhsilin, səhiyyənin inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlər qarşısında böyük ehtiramın ifadəsi idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov forumun açılış tədbirində giriş sözü söyləyərək Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə etmiş, təşkilatçılara təşəkkürünü bildirmiş və demişdir: “Sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır. Ona görədir ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilmişdir. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur”. Ali Məclisin Sədri səhiyyənin inkişafında ixtisaslı kadr hazırlığının, beynəlxalq elmi-təcrübə mübadiləsinin əhəmiyyətini də xüsusi vurğulamışdır: “Müasir dünyamızda xəstəliklərlə mübarizə prioritet məsələdir. Bu da, öz növbəsində, ixtisaslı tibbi kadr hazırlığını və səhiyyə sistemində ən son elmi nailiyyətlərin tətbiqini zərurətə çevirib. Böyük filosof və tibb alimi İbn Sina deyirdi ki, “Ümidsiz xəstə yoxdur, ümidsiz həkim var”. Təcrübə də göstərir ki, həkimlərin peşəkarlığı artırılmadan nə səhiyyənin inkişafından, nə də insan sağlamlığından danışmaq mümkündür. Qarşılıqlı fikir mübadiləsinin aparılması, elmi-tibbi nailiyyətlərin öyrənilməsi və tətbiqi, beynəlxalq təcrübədən faydalanmaq, bu mənada, mühüm əhəmiyyətə malikdir”.

Açılış tədbirində Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Qaradəniz Texniki Universitetinin, Türkiyənin Yeditəpə Universitetinin rektorları və digər rəsmi təmsilçilər tərəfindən təbrik çıxışları edilmişdir. Açılış tədbirinin sonunda Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri və Azərbaycanın tanınmış geniş şəkildə iştirakı ilə konsert proqramı təqdim olunmuşdur.

Forumda qeyd olunan şəxslərlə yanaşı, Ərdəbil, Qazi, Ərzurum Atatürk, İstinye, Koç, Qaziantəp universitetlərinin, Rusiya Vişnevskiy İnstitutunun, Dağıstan Dövlət Tibb Universitetinin, Özbəkistanın Daşkənd Tibb Akademiyasının yüksək vəzifəli təmsilçiləri də iştirak etmişlər. Universitetlərlə yanaşı, forumda iştirak üçün müxtəlif tibb müəssisələrinin – Respublika Klinik Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Memorial Şişli Xəstəxanasının, Qazaxıstan Milli Elmi Cərrahiyyə Mərkəzinin, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Almaniya Nurnberg Beta Bayern Biotechunun, LİV Hospitalın, İstinye Universitetinin rəhbər və məsul nümayəndələri də Naxçıvan şəhərində oldular. 

Forumda Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyi, Türk Qastroenteroloji Dərnəyi, Ulusal Endoskopik-Laparoskopik Cərrahi Dərnəyi, Türkiyənin Obezite Cərrahi Dərnəyi, Pelvik Ağrı & Endometriozis Dərnəyi, Ostomi Cərrahi Dərnəyi, Azərbaycan İmplantoloq İctimai Birliyi və Böyrək Transplantasiyası Mütəxəssislər Assosiasiyası və digər bir sıra nüfuzlu beynəlxalq dərnək və cəmiyyət sədrləri, YOUNG İFSO və Sağlamlıq Assosiasiyasının Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin prezidentləri və başqaları iştirak etmişdir.

Forum Türkiyədən “Memorial xəstəxanalar qrupu”, Naxçıvandan “Nəqşicahan Holdinq”in baş sponsorluğu, eləcə də tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışını həyata keçirən 24 beynəlxalq və yerli şirkətin sponsorluğu ilə təşkil olunmuşdur. Naxçıvan Dövlət Universitetində forumun yüksək səviyyədə təşkili üçün 100 nəfərdən ibarət işçi qrup fəaliyyət göstərmişdir. Universitetin Tibb fakültəsinin könüllü tələbələri tərəfindən forumun yüksək səviyyəli Azərbaycan və ingilis dillərində vebsaytı (globalmedforum.com) yaradılmış, bütün çıxışçı və iştirakçı qeydiyyatı, məqalə və tezislərin qəbulu, elektron operator cavab xidməti və digər işlər sayt üzərindən həyata keçirilmişdir. 

Forum çərçivəsində bir sıra sahələr üzrə xəstə müayinələri, cərrahi əməliyyatlar təşkil olunmuşdur. Forumun fəxri qonağı İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, tibb elmləri doktoru, professor Əziz Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında cərrahi əməliyyatlar, cərrahi stomatologiya üzrə professor Çingiz Rəhimov, tibb üzrə fəlsəfə doktoru Vüqar Qurbanov və tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun iştirakı ilə stomatoloji cərrahi əməliyyatlar həyata keçirilmişdir.

Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə muxtar respublikanın müasirtipli səhiyyə müəssisələrində tibbin müxtəlif aktual sahələri üzrə konsultativ müayinə və müalicələr aparılmışdır.

Forum müddətində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Qaradəniz Texniki Universiteti və Yeditəpə Universiteti arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanmışdır. Bununla yanaşı, nüfuzlu dərnək və cəmiyyət sədrləri ilə görüşlər təşkil olunmuş və həmin qurumlarla gələcək əməkdaşlıqlar haqqında ilkin razılaşmalar əldə olunmuşdur. 

Forumun açılışı günü Naxçıvan Dövlət Milli Dram Teatrının foyesində sərgilənən, sponsor təşkilatlar tərəfindən muxtar respublikaya gətirilmiş tədris və tibbi avadanlıqlardan ibarət “Müasir tibbi texnologiyalar” sərgisi bütün forum müddətində Naxçıvan Dövlət Universiteti Konservatoriyasının hər 3 mərtəbəsinin foyesində də təşkil olunmuşdur.

Forum müddətində 4 kurs, 1 simulyasiya, 24 bölmə üzrə təşkil olunan elmi konfranslar, tibb elminin aktual problemlərinə həsr olunmuş master klaslar, geniş müzakirələr və diskussiyalar şəraitində keçmişdir. Bu da tibb elminin bütün sahələrini əhatə edən beynəlxalq forumun yerli tibb mütəxəssislərinin zəngin dünyəvi təcrübə qazanması, ən son elmi yeniliklər ilə yaxından tanış olması baxımından əhəmiyyətliliyini bir daha təsdiq edir. Eyni zamanda gələcəkdə elmi və tibbi klinik sferada əməkdaşlıq üçün də geniş üfüqlər açır.

Forumda ilk dəfə olaraq tələbə elmi-tədqiqat işlərinin müzakirələri təşkil edilmiş, çoxsaylı müəllim və tələbənin yüksək elmi dərəcəli professorların iştirakı və dəyərləndirmələri ilə konfranslar həyata keçirilmişdir.

Forum müddətində iştirakçıların vaxtlarını xoş keçirmələri üçün müxtəlif konsert proqramları təşkil olunmuşdur. Forumun açılış tədbiri ilə yanaşı, həmin gün təşkil olunan Qala gecəsində və növbəti gün də Naxçıvan Dövlət Universiteti Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin əməkdaşlarının ifalarında bir-birindən maraqlı musiqi nömrələri, rəqslər təqdim olunmuşdur. Forum çərçivəsində Naxçıvan Muxtar Respublikasının tanıtımı məqsədilə qonaqların tarixi və turistik məkanlara səfərləri təşkil edilmişdir. 

Bağlanış mərasimində iştirakçılar forumun yüksək səviyyədə təşkilinə, muxtar respublikada səhiyyənin, tibb elminin inkişafına göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etmişlər. Qonaqların çıxışlarında aktual elmi mövzularda müzakirə və təcrübə mübadiləsindən bəhs olunmuş, muxtar respublika və forum haqqındakı təəssüratları dinlənilmişdir. Çıxış edənlər muxtar respublikanın əsrarəngiz təbiətindən, burada yaradılan şəraitdən və qonaqpərvərlikdən xoş təəssüratla danışmışlar. Sonra iştirakçı cəmiyyət sədrlərinə, fəxri qonaqlara plaketlər, bölmələr üzrə ən yaxşı təqdimatlar məruzə edənlərə diplom və plaketlər verilmiş, forumun bütün iştirakçılarına, sponsorlara sertifikat və hədiyyələr təqdim edilmişdir. 

I Beynəlxalq Tibbi Forumun ictimaiyyətə geniş şəkildə çatdırılması məqsədilə universitetdə və muxtar respublikada fəaliyyət göstərən digər media qurumları nümayəndələrinin də təmsil olunduğu 15 jurnalistdən ibarət media qrupu yaradılmış, ölkənin 30-a yaxın kütləvi informasiya vasitələrində, ümumilikdə, 130-dan artıq material verilmiş, sosial şəbəkələrdə 1000-ə yaxın paylaşım edilmişdir.

Muxtar respublikada dünya miqyaslı elmi forumun uğurla keçirilməsini səhiyyə sisteminin inkişafına göstərilən dövlət qayğısı kimi dəyərləndirən qonaqlar I Beynəlxalq Tibbi Forumun təşkili üçün çoxsaylı təşəkkür məktubları, teleqramlar göndərərək forumun keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişlər. 

I Beynəlxalq Tibbi Forumun Naxçıvan şəhərində keçirilməsi muxtar respublikanın turizm potensialının təbliği, eləcə də diyarın tərəqqisi üçün mühüm amil olan ictimai-siyasi sabitliyə əsaslanan inkişaf strategiyasının uğurlu nəticələrinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşımışdır. Ən yüksək səviyyədə təşkil olunan forumda dünya təcrübəsindən səmərəli surətdə faydalanmaqla problemlərin həllinə yönəlmiş birgə səylər, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik olmaqla azərbaycanlı tibb mütəxəssislərinin, eləcə də Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirərək aktual mövzularda fikir mübadilələri ilə faydalı tərəfdaşlıqlar üçün yeni imkanlar yaratmışdır.    

Elbrus İsayev 
Naxçıvan Dövlət Universitetinin rektoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: