Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib. İclasda məruzə edən səhiyyə naziri Niyazi Novruzov mövsümə hazırlıqla bağlı görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb, tabe səhiyyə müəssisələrinin kollektivlərinə payız-qış aylarının təhlükəsiz başa vurulması ilə bağlı müvafiq tapşırıqlar verib.

Nazir bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Səhiyyə Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Müşavirədə vurğulanıb ki, nazirlik tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməlidir. Səhiyyə maarifinə diqqət artırılmalı, əhali mövsümü xəstəliklərlə bağlı məlumatlandırılmalı, profilaktik tədbirlər görülməli, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işləri aparılmalı, tibbi avadanlıq və generatorlar işlək vəziyyətdə saxlanılmalıdır.

Qeyd olunub ki, müşavirədə qarşıya qoyulan tapşırıqların icrası, nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq şöbələr tərəfindən işlər aparılır. Ötən ilin payız-qış mövsümündə verilən tapşırıqlarla bağlı hazırlanan tədbirlər planına əsasən bir sıra işlər görülüb. Növbəti payız-qış mövsümündə də nazirlik və tabe səhiyyə müəssisələrinin təhlükəsiz və nöqsansız mövsümü başa vurması ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb. Qışa hazırlıq məqsədilə bütün elektrik xətləri, transformator və generatorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələr tərəfindən nəzarətdə saxlanılır, çatışmazlıqlar aradan qaldırılır.

Niyazi Novruzov tabe müəssisələrə tapşırıq verərək vurğulayıb ki, payız-qış aylarında baş verə biləcək nasazlıqlar zamanı müəssisə rəhbərləri məsuliyyət daşımalı, sertifikatı olmayan ocaqçılar kurslara cəlb olunmalı, səhiyyə müəssisələrinə veriləcək yanacaqdan səmərəli istifadə olunmalıdır. Həmçinin mövsümlə əlaqədar nəzarət komissiyaları yaradılmalı, mütəmadi olaraq təhlükəsizlik qaydaları nəzarətdə saxlanılmalı, səhiyyə müəssisələrində elektrik enerjisi, su və təbii qazdan səmərəli istifadə edilməli, istiliyin hava şəraitinə uyğunluğu tənzimlənməlidir.

İclasda səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsumova, Maliyyə-İqtisadiyyat Şöbəsinin müdiri Asəf Musayev və digər çıxış edənlər mövsümə hazırlıqla bağlı görülən işləri diqqətə çatdırıblar.

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: