“Tibbin aktual problemləri” mövzusunda konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Bakı Sağlamlıq Mərkəzi nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Tibbin aktual problemləri” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət səhiyyə müəssisələrinin həkimləri və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin iştirak etdiyi konfransda Bakı Sağlamlıq Mərkəzinin Revmotologiya şöbəsinin müdiri Nərgiz Hüseynova “Kimlər revmatoloqa müraciət etməlidir?” mövzusunda çıxış edib. Bildirib ki, revmatik xəstəliklər toxumaya bağlanabilən autoantitellər və immun komplekslərin vasitəsilə hüceyrə, toxuma, orqanların zədələnməsinə səbəb olan autoimmun xəstəlikləridir. Günümüzdə aktuallıq kəsb edən bu xəstəliklər həkim-mütəxəssislərin və əhalinin tam informasiyasının olmaması səbəbindən maariflənmə ehtiyacı yaradır. Belə xəstələrə vaxtında diaqnoz qoyulmalı və müalicə prosesi düzgün aparılmalıdır.
Bakı Sağlamlıq Mərkəzinin tibb heyyətinin üzvlərindən kardioloq-aritmoloq, professor-doktor Fərid Əliyev “Artimiya və insult”, ortoped-travmatoloq Sənan Aşırov “Oynaq xəstəlikləri və müasir müalicəsi”, terpavet Zakir Quliyev “Anemiyalı xəstənin idarə olunması”, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov “Uşaq cərahiyyəsinə müasir yanaşma”, mərkəzin Lor şöbəsinin müdiri, estetik lor cərrahı Rafiq Dəmirçalov “Qulaq, burun və boğaz xəstəliklərinin cərrahi müalicəsində endoskopik cərrahiyyənin üstünlükləri” mövzularında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Konfransın sonunda Bakı Sağlamlıq Mərkəzinin həkim heyyətinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəkürnamələri təqdim olunub.
Xosrov İbrahimov