Ümumdünya Allerqoloqlar Konqresində Duzdağ Fizioterapiya Mərkəzinin təbii-müalicəvi imkanlarının yüksək effektivliyi müzakirə olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dünya Allerqoloqlar Təşkilatı İstanbulda Ümumdünya Allerqoloqlar Konqresi təşkil edib. Dünyanın tanınmış allerqoloqlarının iştirakı ilə keçirilən konqresdə Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzinin postkovid sindromunun reabilitasiyasındakı yüksək effektivliyi barədə geniş məlumat verilib.
13-15 oktyabr tarixlərində İstanbulda keçirilən Ümumdünya Allerqoloqlar Konqresində dünyanın dörd bir yanından qatılan allerqoloqlar qlobal izləyici kütləsinə xitab edib. Konqresdə COVID-19 pandemiyasından sonra xəstələrdə postkovid sindromunun müşahidəsi halları və bu xəstələrin müalicə metodları geniş müzakirəyə çıxarılıb.
Azərbaycan Tibb Universitetinin “Allerqologiya və immunologiya” kafedrasının müdiri, əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın “Duzdağ Fizioterapiya Mərkəzində Postkovid sindromunun reabilitasiya müalicəsi” mövzusunda təqdimatı məsləkdaşlarının xüsusi marağını cəlb edib. Təqdimatda postkovid sindromu müşahidə edilən xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə məlumat verilib. Lalə Allahverdiyeva qeyd edib ki, müalicə kurslarının sonunda xəstələrin əksəriyyətində əhvalın yaxşılaşması, laborator müayinələrin nəticələrində və psixo-emosional vəziyyətdə pozitiv dəyişikliklər müşahidə edilib.
Speleoterapiya və ya yeraltı mühitdən istifadənin astmanın müalicəsində perspektivli terapiya olduğunu bildirən məruzəçi vurğulayıb ki, Duzdağ Fizioterapiya Mərkəzində yüngül və orta dərəcəli astması olan 50 uşaq müşahidə altında saxlanılıb. Mərkəzdə speleoterapiya reanimasiya üç rejimdə aparılıb: uyğunlaşma, əsas və təkrar adaptasiya. Müalicə kursu gündə 15 speleoprosedurdan ibarət olub. Tənəffüs zamanı azot oksidinin fraksiya ölçülməsi ilə speleoterapiyanın effektivliyi qiymətləndirilib. Aparılan müşahidələrin effektiv nəticəsini diqqətə çatdıran Lalə Allahverdiyeva pasiyentlərin horizontal şaxtada yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə daha tez adaptasiya olunduğunu və burada təbii müalicənin xəstəliyə qarşı müsbət təsirə malik olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin “Allerqologiya və immunologiya” kafedrasının müdiri, əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva oktyabrın 5-də Naxçıvan Dövlət Universitetində “Tibbin aktual problemləri: postkovid sindromun spleoterapiyası” adlı elmi-praktik konfransda da aparılan tədqiqat və onun nəticələri barədə məlumat vermiş, sözügedən tədqiqatı tibb elminə böyük töhfə kimi qiymətləndirilmişdi.