Dövlət proqramının icrası çərçivəsində bu il Naxçıvanda 50 minə yaxın uşaq tibbi müayinələrdən keçirilib - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il 50 minə yaxın uşaq tibbi müayinələrdən keçirilib”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında pediatriyanın aktual məsələlərinə həsr olunan konfransda səsləndirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, son illər muxtar respublikada tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldib. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətindən söz açan Samrat Gəncəyeva bildirib ki, proqrama uyğun olaraq uşaqların kütləvi müayinələrdən keçirilməsini təmin etmək məqsədilə həkim briqadaları yaradılıb. Briqadalar muxtar respublikanın ən ucqar kəndlərində belə uşaqları müayinə və müalicəyə cəlb edirlər. Dövlət proqramının icrası çərçivəsində bu il 50 min uşaq tibbi müayinələrdən keçirilib, onlardan 11 mini dispanser nəzarətə götürülüb.
Nazir müavini profilaktik peyvəndlərin yeni təqvimə uyğun aparılması, məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində uşaqların dərindən tibbi müayinələri zamanı nələrə diqqət etməyin vacib olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası baş həkiminin müavini İlkay Əliyeva “Pediatriyada antibiotiklərin istifadəsinə müasir yanaşma” mövzusunda məruzə edib.
İlkay Əliyeva deyib ki, payız-qış aylarında uşaqlar arasında mövsümi xəstəliklər artır. Valideynlər bu xəstəliklərin qarşısını almaq üçün kimyəvi dərmanlar əvəzinə Naxçıvanın təbii antibiotikləri olan dərman bitkilərindən istifadəyə daha çox üstünlük verməlidirlər.
Konfransda pediatriyanın aktual problemlərini əhatə edən digər məruzələr dinlənilib. Mütəxəssislər xəstəliklərin risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat veriblər.
Mədinə Rəhimli