Naxçıvanda uşaqların kütləvi profilaktik müayinələrinə başlanılıb - FOTOLAR
Muxtar respublikada uşaq əhalisinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların dərin müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.
“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərində 21 tam orta məktəbin şagirdləri dərin tibbi müayinələrinə cəlb ediləcəkdir. Bu gün cari mövsümün ilk dərin tibbi müayinəsinə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdən başlanılıb. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, uroloq, LOR, endokrinoloq, nevropatoloq, pediatr, cərrah-ortoped və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.
Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub. Ətraflı müayinəyə ehtiyacı olan məktəblilər dispanser qeydiyyatına alınıb və Mərkəzi Uşaq Xəstəxanasına dəvət ediliblər.
Gün ərzində məktəbin 420 şagirdi dərin tibbi müayinədən keçirilib. Hər hansı xəstəliyi olan şagirdlər üçün müvafiq məsləhətləşmələr, eləcə də lazımi müalicə tədbirləri təşkil edilib.
Qeyd edək ki, muxtar respublikanın rayonlarında da məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib. Şərur şəhər 2 nömrəli tam orta məktəbdə şagirdlər dərin tibbi müayinələrə cəlb ediliblər.
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında uşaqların dərin tibbi müayinələri dekabrın sonlarına qədər davam edəcək.
Şəfa Səfərova