Beynəlxalq Gözdən Əlillər Gününün qeyd olunması ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlamağa imkan verir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu günün noyabrın 13-də qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Ümumdünya Səhiyyə Təşkilatını onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.
XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün "işləyən korların emalatxanası"nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.
Valentin Qayui kor uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı "unsial" adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxumaq öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.
Ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.
2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada təxminən 2,2 milyard bu və ya digər formada görmə məhdudiyyətli insan var, onlardan 36 milyonu görmə qabiliyyətini tam itirib. Statistikaya görə, Azərbaycanda 630 min əlilin 30 min nəfərini korlar və zəif görənlər təşkil edir. Ölkəmizdə görmə qabiliyyəti məhdud olanların həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün hər il bir sıra layihələr həyata keçirilir, zəruri tədbirlər görülür.