Naxçıvanda tibbi sığorta: nələr dəyişib - NTV-nin ARAŞDIRMASI - VİDEO

A- A A+

2021-ci ildən bütün ölkə ərazisində icbari tibbi sığortanın tam tətbiqinə başlanılıb. Muxtar respublikada bu sahədə hansı işlər görülüb, sakinlər bu sığorta növünün xidmətlərindən yararlana bilirlərmi? Mövzunu NTV-nin əməkdaşları araşdırıb.

İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Vətəndaşlar tibb müəssisəsinə müraciət edərək "Xidmətlər zərfi"ndə göstərilən tibbi xidmətlərdən ödənişsiz yararlanmaq imkanı əldə ediblər. Hansı ki, sözügedən paketdə vətəndaşlara 2500-dən çox sayda tibbi xidmət təklif olunur.

Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinə ilk dəfə olaraq 2019-cu ildə Sədərək rayonunda başlanılıb. 2020-ci ildən isə bütün  muxtar respublika ərazisində tam tətbiq edilir. Doğrudur, əvvəllər icbari tibbi sığortadan yararlanmaq istəyən sakinlər müəyyən çətinliklərlə üzləşirdilər.

Sığorta vərəqəsi əldə etmək istəyən sakinlər günlərlə növbədə gözləməli olurdular. Xidmət ödənişsiz olduğuna görə pasiyentlər get-gələ salınır, əlavə ödəniş tələb olunur və ya ödəniş edənlər, daha sadə dildə desək, həkimlərə “görüm-baxım” edənlər növbədənkənar qəbul edilirdi. Bəzən, hətta, sakinlər uzun çəkən prosedurlardan bezərək ödənişli həkim qəbuluna gedirdilər. Həkimlərin də bu cür “görüm-baxımlara” təhrik edilməsinin səbəbi muxtar respublikada ümumi səhiyyə sahəsi üzrə hər xəstəxanadan aylıq məbləğlərin yığılması idi. Artıq muxtar respublikada aparılan struktur islahatları və Prezidentimizin birbaşa diqqətində olan şəffaflıq mühitinin yaradılması Naxçıvanın səhiyyə sahəsinə də yeni nəfəs verməkdədir.

Bəs, görəsən, hazırda tibbi sığorta ilə bağlı vəziyyət necədir? Əhali icbari tibbi sığortanın xidmətlərindən tam yararlana bilirmi? NTV əməkdaşları bunu aydınlaşdırmaq üçün sakinlər arasında sorğu keçirib. 

Qeyd edək ki, vətəndaşlar hazırda icbari tibbi sığorta vərəqəsini yaşadığı ünvandan asılı olaraq muxtar respublika ərazisində fəaliyyət göstərən bütün xəstəxanalardan əldə edə bilərlər. Heç bir ödəniş etmədən təklif olunan “Xidmətlər zərfi”ndən yararlanan sakinlər hazırda icbari tibbi sığorta prosesindən razıdırlar. İndi hər kəs bu xidmətdən tam yararlana bildiyi üçün həddindən artıq müraciət sıxlığı yaranıb. Xüsusilə muxtar respublikanın ən böyük tibb müəssisələrindən olan Naxçıvan Muxtar Respublika Xəstəxanasında bu hal daha çox müşahidə olunur. Bu da özlüyündə növbədə gözləmək problemi yaradıb. Xəstəxanadan bildirilib ki, artıq bununla bağlı problem də öz həllini tapıb.

Qeyd edək ki, bu ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1 milyard 906 milyon manat vəsait ayrılıb ki, bu da ötən illə müqayisədə 198 milyon manat və yaxud 11,6 faiz çoxdur. Vəsaitin 1 milyard 263 milyonu isə icbari tibbi sığorta fonduna ayrılıb. Bu da əhalinin daha etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: