Alimlər post-COVID sindromu səbəbindən ürək xəstəliyi riskinin 2-3 dəfə artdığını açıqlayıblar

A- A A+

Amerika Birləşmiş Ştatlarından olan həkimlər post-COVID sindromunun aritmiya və işemik insultun, həmçinin koronar və ürək çatışmazlığının inkişaf ehtimalını iki-üç dəfə, əvvəldən bu xəstəlikləri olanlar arasında ölüm nisbətini isə iki dəfə artırdığını müəyyən ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə JAMA Sağlamlıq Forumunda yayımlanan məqalədə bildirilir.

Qeyd olunur ki, yüngül və ya ağır koronavirus infeksiyası keçirmiş insanlar növbəti bir neçə ay ərzində post-COVID sindromundan əziyyət çəkirlər. Buraya xroniki yorğunluq, saç tökülməsi, nəfəs darlığı, xroniki xəstəliklərin kəskinləşməsi və s. daxildir. Bu kimi hallar immunitet sisteminin daim çalışması ilə əlaqələndirilir.

“Elevance Health” sığorta şirkətinin vitse-prezidenti Andrea de Vriesin başçılıq etdiyi bir qrup amerikalı həkim post-COVID sindromunun ürək və qan damarlarının müxtəlif xəstəliklərinə nə dərəcədə təsir etdiyi ilə maraqlanıblar. Araşdırmalar göstərib ki, hətta yüngül keçən post-COVID sindromu da ürək və qan damarlarının müxtəlif ağır xəstəliklərinin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırır. Xüsusilə, COVID-19-a yoluxmuş şəxslər sonrakı dövrlərdə aritmiya və işemik insultlardan 2,35 və 2,17 dəfə çox əziyyət çəkir, həmçinin koronar və ürək çatışmazlığının qurbanı olma ehtimalı müvafiq olaraq 78 faiz və 97 faiz daha yüksəkdir.

Bundan əlavə, tədqiqatçılar post-COVID sindromunun astma hallarını 95 faiz, eləcə də xroniki ağciyər xəstəliyini 94 faiz artırdığını, ağciyər arteriyalarında qan laxtalanma ehtimalının isə üç dəfə çoxalmasına səbəb olduğunu müəyyən ediblər. Bütün bunlar COVID-19-a yoluxmuş insanın sağalmasından sonrakı ilk ildə vaxtından əvvəl ölüm ehtimalını iki dəfə artırır.

De Vries və onun həmkarlarının sözlərinə görə, onların topladığı məlumatlar post-COVID sindromundan əziyyət çəkən xəstələrin ürək və qan damarlarının, eləcə də ağciyərlərinin yaxından monitorinqinə ehtiyac olduğunu göstərir. “Bu, minlərlə insanın həyatını xilas edəcək”, - deyə həkimlər bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: