Naxçıvan Şəhər Poliklinikasında Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə tər güllər düzüb, onun xatirəsinə həsr olunan guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Davam edən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini Samiq Sadıxov bildirib ki, ölkəmizdə ilk olaraq Naxçıvanda ən çox yayılan göz xəstəliklərindən olan keratakonusun müəyyən edilməsi üçün skrininq keçiriləcək. Skrininqin muxtar respublikada keçirilməsinin əsas səbəbi bölgəmizin quru və kontinental iqlim şəraitinə uyğun olduğundan bir çox xəstəliklər üçün endemik zona hesab olunmasıdır. Bu elə xəstəlikdir ki, vaxtında aşkarlanarsa, inkişafının, ağırlaşmaların qarşısı alınar və gələcəkdə hərbi xidmətə yararsızlığın, gözdən əlilliyin faizi əhəmiyyətli dərəcədə azalar.
“Layihənin belə əlamətdar gündə - gözlərə nur verən, göz xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayan akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi günündə start götürməsi və bu yubileyə həsr edilməsi qürurvericidir”,- deyən Samiq Sadıxov layihənin uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə digər çıxışlar dinlənilib, Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirlər bədii qiraət edib, sənədli filmə baxış olub.
Tədbir Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr edilmiş fləş-mobun təqdimatı ilə yekunlaşıb.
Mədinə Rəhimli