SN: Bronxial astmanın ilk əlamətləri 80 faiz hallarda 5 yaşdan əvvəl başlayır

A- A A+

Bronxial-astma xəstəliyinin kəskinləşməsinə səbəb allergenlə kontakda olmaq və ya orqanizmin özünün müqavimətinin zəifləməsi aiddir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib. Onun sözlərinə görə, allergenlərə ev tozu, kəskin qoxular, duman, akvarium balıqları üçün yem, ev heyvanlarının tükü, tütün dumanı, soyuq hava, boyaların, dezodorantların, ətirlərin kəskin qoxusu, bəzi dərman maddələri, kimyavi maddələr aiddir:

"Bununla yanaşı, yuxarı tənəffüs yollarının infeksiyaları, viral infeksiyalar, fiziki aktivlik, stres də bronxial astamanın kəskinləşməsinə səbəb ola bilər. Risk qrupuna daha çox genetik olaraq allergiyaya meyilli olan insanlar aiddir. Həmçinin, allergik rinit, atopik dermatit kimi xəstəliyi olanlar, ailə anamnezində allergiya və astma xəstəliyi olanlar, peşə fəalliyətinə bağlı olaraq daimi kimyəvi toz, kimyəvi maddələrə məruz qalanlar, tez-tez yuxarı tənəffüs yolu infeksiyası keçirənlər aiddir.

Astmaya hər yaşda rast gəlinə bilər. Amma uşaqlarda bronxial astmanın ilk əlamətləri əsasən 80 faiz hallarda 5 yaşdan əvvəl başlayır. Yeniyetməlik dövründə isə astma tutmaları azala və ya simptomsuz ola bilər. Amma yetkinlik dövründə yenidən tutmalar başlayır".

Həkim deyib ki, astmanın diaqnozu ilk növbədə xəstənin şikayətlərinə, anamnezinə və obyektiv müayinənin nəticələrinə əsaslanır:

“Həkim üçün boğulma tutmasının nə zaman inkişaf etdiyini, nə qədər davam etdiyini, nə vaxtdan sonra dayandığını, xəstəliyin ilk əlamətlərinin nə qədər əvvəl ortaya çıxdığını öyrənmək son dərəcə vacibdir. Allergik bronxial astmanın diaqnozunu təsdiqləmək üçün xəstədə və onun qohumlarında digər allergik xəstəliklərin əlamətlərinin mövcudluğunu müəyyən etmək vacibdir. İlkin diaqnoz qoyulduqdan sonra müəyyən laborator və digər müayinələr aparılır”.

Həkim qeyd edib ki, xəstəliyi düzgün və ən əsası davamlı müalicə ilə kontrol altında saxlamaq mümkündür:

“Lakin xəstəliyi tam aradan qaldıran müalicə üsulu yoxdur. Müalicədə astmalı şəxslərin allergenlərlə kontaktdan uzaq durması da önəmlidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: