Baş ağrısı gündəlik həyatımızda əksər insanların üzləşdiyi narahatlıqdır. Müxtəlif kimyəvi maddələr, kosmetik boyalar, bitkilərin tozları və digər amillər baş ağrısına səbəb ola bilir.
NUHÇIXAN xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 44 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Minayə Əliəsgərova deyib. Onun sözlərinə görə, kranialgiya dedikdə kəllə daxilində və başın müxtəlif nahiyələrində lokalizə olunmuş ağrı hissiyyatı nəzərdə tutulur: “Baş ağrısı, əsasən xəstəlik deyil, bir simptomdur. Funksional mənşəli xəstəliklər zamanı meydana gəlir. Neyrogen və psixogen amillərin təsirindən əmələ gələn baş ağrıları orqanizmin bir çox orqan və sistemləri ilə bilavasitə əlaqədar olur. Kliniki təsnifata görə baş ağrılarının bir çox növləri var. Bunlardan miqren tipli, gərginlik baş ağrısı, klaster, servikogen, abuzus, giqant, hüceyrəli, arterit və digərlərini nümunə göstərmək olar”.
Həkim-nevropatoloq onu da bildirib ki, müasir dövrdə ən çox rast gəlinən baş ağrısı miqren tipli, gərginlik və servikogen baş ağrılarıdır: “Miqren tipli ağrılar, birtərəfli, pulsasiyaedici olur, 4 saatdan bir neçə günədək davam edir. Bu zaman heç bir ağrıkəsici kömək etmir. Servikogen baş ağrıları başın təpə, ənsə hissəsini, qulağın yuxarı hissəsini əhatə edir, gərginlik baş ağrıları əsasən, ikitərəfli olur, abuzus baş ağrıları isə uzun müddət analgetik qəbulunu saxladıqdan sonra baş verir”.
Mütəxəssis baş ağrılarının əslində praktiki sağlam insanlarda da müşahidə edildiyini, buna səbəb olan amillər sırasında isə gərgin iş fəaliyyəti, iqlim dəyişkənliyi, istirahətsiz yaşam tərzi, yuxu rejiminin pozulması, zərərli vərdişlər olmasını da vurğulayıb. Onun sözlərinə görə, bugünkü dövrdə baş ağrılarının allergik formasına da tez-tez rast gəlinir: “Belə ki, müxtəlif kimyəvi maddələr, kosmetik boyalar, bitkilərin tozları baş ağrısına səbəb ola bilir. Ümumiyyətlə, poliklinikaya baş ağrıları şikayəti ilə müraciət edən pasiyentlərə ilk növbədə nevroloji baxış keçirilir, ilkin funksional müayinələr aparılır, ehtiyac yaranarsa, onlara instrumental-diaqnostik müayinələrə göndəriş verilir, xəstəliyin növünə uyğun olaraq dərman preparatları təyin olunur”.
Həkim-nevropatoloq bir daha insanların baş ağrılarına qarşı həssas yanaşmalı olduqlarını, bu zaman həkim tövsiyəsi olmadan, özbaşına ağrıkəsici dərmanlar qəbul etmək əvəzinə ərazi üzrə poliklinikalardakı sahə (ailə) həkimlərinə və həkim-nevropatoloqlara müraciət etməyin zəruriliyini vurğulayıb.
Baş ağrısıdır, keçib-gedər, deməyin! Baş ağrısı ciddi xəstəliklərin əlaməti ola bilər.