Muxtar respublikada ilk dəfə olaraq “Onlayn həkim qeydiyyatı” xidməti ictimaiyyətə təqdim olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublikada ilk dəfə olaraq “Onlayn həkim qeydiyyatı” xidməti ictimaiyyətə təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bildirib ki, Naxçıvan səhiyyə sistemində artıq vətəndaşların daha sadə üsullarla qeydiyyata alınması üçün “Onlayn həkim qeydiyyatı” xidməti yaradılıb. Vurğulanıb ki, muxtar respublika səhiyyəsində elektron xidmətlərin tətbiqinə keçid pasiyentlərin məmnunluğu ilə nəticələnən səhiyyə sisteminin formalaşması üçün mühüm bir addımdır.
Bildirilib  ki, yaxın gələcəkdə tibbi xidmətlər sırasına “SMS xidmət sistemi” də daxil ediləcək. Bunun nəticəsində vətəndaşlar müayinələrlə bağlı məlumatları mobil tətbiqlər vasitəsilə əldə edəcəklər. Hazırda bu sistem üzərində iş gedir. 
Samiq Sadıxov diqqətə çatdırıb ki, məqsəd həkimlərin pasiyentlərlə canlı təmaslarının minimuma endirilməsi, hər bir pasiyentin əziyyət çəkib xəstəxanalara üz tutmadan da lazımi məlumatları əldə etməsini təmin etməkdir.
Sonra slaydlar vasitəsilə yeni onlayn qeydiyyat sistemi barədə məlumat verilib. 

Qeyd olunub ki, onlayn həkimə qeydiyyat xidməti ilk mərhələdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında tətbiq olunacaq. Yeni xidmətin gələcəkdə muxtar respublikanın digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur. Yeni elektron xidmətin tətbiqi həkimlərin işini asanlaşdırmaqla yanaşı, saatlarla növbə gözləyən vətəndaşların vaxt itirmədən rahat şəkildə həkim qəbulunda iştirakına xidmət edir. Bu isə həkimlə vətəndaşlar arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, əhalinin sağlamlığının yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq.                                                 
                                                                       

Oruc Mirzəyev
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: