Naxçıvanda pulmonoloq və allerqoloqların iştirakı ilə konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş pulmonoloq və allerqoloqların iştirakı ilə "Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin rolu və speleoterapiya" mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “AzəriMed” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Muzeyinə gedərək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Daha sonra konfrans iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Duzdağ Otelin konfrans zalında davam etdirilən konfransda ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Konfransda səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov çıxış edərək bildirib ki, Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu yataqlar ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınır. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü olan Duzdağ Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov zəngin təbii sərvətlərə malik olan Naxçıvanın Duzdağının səhiyyə turizminin inkişafındakı rolundan bəhs edib.
“AzəriMed” QSC-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Tehran Əsgərli Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi və buradakı təbii müalicənin effektiv nəticələri barədə iştirakçılara geniş məlumat verib.
Sonra konfrans elmi hissə ilə işini davam etdirib. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva “Allergik xəstəliklərin protokol terapiyası”, Mirəsədulla Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının uşaq allerqoloq və immunoloqu, uzman doktor Röyalə Babayeva “Uşaqlardakı allergik xəstəliklərə speleoterpiyanın təsirləri” və Naxçıvan Muxtar Respublika Xəstəxanasının Pulmonologiya bölməsinin müdiri, həkim-pulmonoloq Dilarə Abdullayeva “Bronxial astmanın müalicəsində müasir yanaşmalar” mövzularında çıxış ediblər.
Konfransda bilik və təcrübə mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda konfrans iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
Hafizə Əliyeva