Naxçıvanda tibb işçilərinin əməkhaqqıları artırıldı - minimum 1200 manat - VİDEO
Naxçıvanda tibb işçilərinin əməkhaqqısı artırılıb, həkimlər üçün minimum əməkhaqqı 1200 manat təyin edilib. Buna səbəb Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən, tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının təsdiq olunmasıdır.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Xəstəxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin icraçısı Samiq Sadıxov çıxış edərək yeni qaydanın tətbiqinin həkimlərin və tibb işçilərinin fəaliyyətlərində stimul yaradacağına əminliyini ifadə edib. Qeyd edib ki, başlıca məqsəd Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin qarşılığı olan layiqli həyat səviyyəsinə uyğun əməkhaqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsidir. Vurğulanıb ki, bu ilin mart ayından bu yana ödənilməyən əlavələrin qarşıdan gələn iki həftə ərzində ödənilməsi nəzərdə tutulur.
Səhiyyə Nazirliyinin əməkdaşı Əli Orucov yeni qaydanı slayd vasitəsilə nümayiş etdirib. Qeyd edib ki, səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr veriləcək. Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr, sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanacaq. Beləliklə, səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqqıları bir neçə mənbədən formalaşacaq. Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişəcək. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alacaq.
Xəstəxanaların kateqoriyalarına gəldikdə isə, muxtar respublika üzrə Naxçıvan Muxtar Respublikası Xəstəxanası və Perinatal Mərkəz yüksək balla qiymətləndirilərək 3D kateqoriyasında müəyyənləşib. Digər xəstəxanalar müvafiq olaraq 2C, 2D kateqoriyasındadırlar.
Sonda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin icraçısı Samiq Sadıxov yığıncaq iştirakçılarına muxtar respublikada keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində öz tövsiyə və tapşırıqlarını bildirib.
Qeyd edək ki, Naxçıvanda səhiyyə sahəsində olan problemlər, lazımi şəraitin yaradılmaması, stimullaşdırıcı tədbirlərin görülməməsi və yaradılan süni maneələr ixtisaslı həkimlərin fəaliyyətinə mane olub və nəticədə onların əksəriyyəti Naxçıvanı tərk edib. Buna görə də hazırda Naxçıvanda mühüm səhiyyə islahatları aparılır, digər tədbirlərlə yanaşı, həkimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində də bu cür mühüm addımlar atılır. Artıq yeni qaydalara əsasən tarif cədvəlinə və veriləcək əlavələrə görə həkimlər üçün ən aşağı əməkhaqqı 1200 manat məbləğində təyin olunacaq.
Sevgili Mustafazadə