Hepatit A qaraciyər transplantasiyasına qədər gətirib çıxara bilər

A- A A+

Hepatit A el arasında sarılıq adlandırılan xəstəlikdir və fekal-oral yolla yoluxur. Bu, o deməkdir ki, çirkli su içdiyimiz su ilə qarışarsa, həmin sularla təmasda olan qida məhsullarını qəbul etdiyimiz zaman hepatit A virusuna yoluxa bilirik. Hepatitin B, C kimi növləri də var, onların hər biri sarılığa səbəb olsa da, A növündə daha çox qeydə alınır. Hepatit növlərinin hamısı təhlükəlidir, sadəcə olaraq hepatit A xronikləşməyən bir virusdur. Kəskin formada getsə də, sağala bilən bir xəstəlikdir. Təbii ki, burada həkim nəzarəti və düzgün müalicə olmalıdır. Əks halda ciddi qaraciyər zədələnməsinə gətirib çıxarır.

NUHÇIXAN xəbər verir ki, bunu infeksionist Vasif Əliyev deyib.

Mütəxəssisin sözlərinə görə, hepatit A virusuna yoluxanlarda gözdə, dəridə sarılıq, sidik rəngində tündləşmə qeydə alınır. Temperatur, halsızlıq, ürəkbulanma müşahidə olunur. Həmin xəstələrin qaraciyər dəyərləri də normadan yüksək ola bilər. Bəzən fulminant hepatitə, yəni ildırımsürətli hepatitə yol aça bilər ki, bu da qaraciyər transplantasiyasına qədər gətirib çıxarır. Qısacası, hepatit A ölümcül ola bilir. Odur ki, hepatit A-ya yoluxanların müalicəsi həkim nəzarəti altında xəstəxana şəraitində aparılmalıdır. Dəstək və simptomatik müalicə ilə xəstəlikdən sağalmaq mümkündür”.

Son günlər hepatit A-nın Suraxanı rayonunun xüsusilə Əmircan və Bülbülə qəsəbələrində lokal epidemiyaya səbəb olduğunu diqqətə çatdıran infeksionist fikirlərinə belə davam edib: “Hepatit A-dan qorunmaq üçün ilk növbədə xəstəliyin qarşısı alınmalıdır. Xəstəliyin aşkarlandığı bölgələr epidemioloji nəzarətə götürülməli və ocaq aşkarlanmalıdır. Bununla yanaşı, mütləq şəkildə hər kəs gigiyena qaydalarına əməl etməlidir”.

Yanvarın 23-də Səhiyyə Nazirliyinin yaydığı məlumatda hazırda hepatit A ilə bağlı epidemioloji vəziyyətin nəzarət altında olduğu, yoluxma hallarının sayında azalma müşahidə edildiyi qeyd olunub. Eyni zamanda, xəstəlik hadisələrinin qeydə alındığı ərazilərdə su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: