Prezident seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib - YENİLƏNİB - VİDEO

A- A A+

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev prezident seçkiləri ilə əlaqədar yanvarın 31-də Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib, seçkilərin şəffaflığının təmin edilməsində müstəsna əhəmiyyət daşıyan veb-kameraların quraşdırılması istiqamətində son hazırlıq işləri ilə tanış olublar.

NUHÇIXAN xəbər verir ki, onlar veb-kameraların quraşdırılması prosesində seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb və bu fəaliyyətlə bağlı mühüm tövsiyələr veriblər.

Tədbirdə bildirilib ki, prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün lazımi addımlar atılıb, seçki prosesinin iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb. Çoxsaylı yerli və beynəlxalq müşahidəçilər, media mənsubları, müxtəlif aşkarlıq institutları seçki kampaniyasında heç bir maneə olmadan, azad və sərbəst şəkildə iştirak edə bilirlər. Seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərinin effektiv tətbiq olunması səsvermə günü seçki məntəqələrindəki prosesləri əvvəldən axıradək fasiləsiz izləməyi, arasıkəsilmədən, dolğun və əhatəli müşahidə aparmağı və beləliklə, şəffaflığı tam təmin edir. Fərqli aşkarlıq institutlarının seçki prosesində rahat və asanlıqla iştirakı, sərbəst fəaliyyətləri üçün yaradılan hərtərəfli və geniş imkanlar baxımından Azərbaycan nümunə sayıla bilər.

Respublikamızın ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət daşıyan, ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, hər bir bölgədə keçirilən prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin edilməsinə xüsusi diqqət yetirilib. Azərbaycanın seçki təcrübəsində artıq 16 ildir uğurla reallaşdırılan və səsvermə günü seçki məntəqələrində prosesləri internet üzərindən hamı üçün açıq platformada canlı nümayiş etdirən, seçki məntəqələrinə getmədən də gün ərzində əvvəldən axıradək fasiləsiz müşahidə imkanı verən veb-kameralardan istifadə təcrübəsi prezident seçkilərində də davam etdirilir. Hazırda bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə günü seçki məntəqələrində proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün veb-kameraların tənzimlənməsi və digər texniki parametrlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılaraq daha da təkmilləşdirilib. Belə ki, veb-kameraların müşahidə sistemi tam yenilənərək yeni nəsil müşahidə sistemi tətbiq olunub və əvvəlki illərdəkindən 2 dəfə daha yüksək görüntü effektinə, optimal şəbəkə utilizasiyasına, avtofokuslama və s. kimi mühüm xüsusiyyətlərə malik kameralar quraşdırılıb. Həm müşahidə sisteminin avadanlıq və proqram təminatı baxımından komponentləri, həm də səsvermə günü seçki məntəqələrindəki prosesləri canlı izləmək üçün nəzərdə tutulan internet səhifəsi tam şəkildə yenilənib.

Sözügedən veb-kameralar istər ölkə daxilində, istərsə də xaricdəki internet istifadəçilərinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb edilmədən seçki məntəqəsindəki bütün prosesləri - səsverməni, səslərin sayılmasını və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz müşahidə imkanı yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: