"The Jerusalem Post" Azərbaycanın milliyətcə yəhudi olan Milli Qəhrəmanından yazdı

A- A A+

Erməni qoşunları tərəfindən Şuşanın işğal edilməsindən 26 il keçdi. Şuşanın süqutu Dağlıq Qarabağın, Qarabağ regionunun – Azərbaycanın beynəlxalq aləmdə tanınmış tarixi ərazisinin Ermənistan tərəfindən hərbi işğalında son mərhələ oldu. Şuşa şəhəri və Şuşa rayonunun 30 kəndi işğal edilib, heç bir təqsiri olmayan 195 mülki şəxs öldürülüb, 165 nəfər yaralanıb, 58 nəfər indiyə qədər itkin düşüb. Şuşanın 24.000–dən çox sakini etnik təmizlənməyə məruz qalıb.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycanın Şuşa şəhərinin işğalı və Azərbaycanın milliyyətcə yəhudi olan Milli Qəhrəmanı” sərlövhəli məqaləsində bu barədə yazır.

Məqalə müəllifi qeyd edir ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Onun zəngin mədəni abidələri, tanınmış rəssamları və musiqi, incəsənət, memarlıq və ya ədəbiyyat sahəsində mütəfəkkirləri geniş şöhrət tapıb.

Arye Qut vurğulayır: “Şuşa Azərbaycanın incisi, qürur mənbəyi və mədəni mərkəzidir. Şuşanın təməli Qarabağ xanlığının banisi sayılan Pənahəli xan Cavanşir tərəfindən qoyulur. Şəhər yeri kimi bu ərazinin seçilməsi onun müdafiə baxımından əlverişli mövqeyi və Qarabağın Dağlıq hissəsi ilə birbaşa bağlı olması ilə izah edilə bilər. 1751-ci ildə Pənahabad qalası və orada salınan şəhər Pənahəli xanın şərəfinə Pənahabad adlanırdı. Müəyyən müddətdən sonra bu şəhərin adını dəyişib Şuşa adlandırıblar. Tarix boyu bu şəhəri fəth etməyə çalışan çox olub, lakin Şuşa məğlub olmayıb. Rus-İran müharibəsi dövründə kiçik bir qarnizon Şuşanı müdafiə edib. 1795-ci ildə İran qoşunlarına qarşı qəhrəmancasına mübarizədən sonra şəhər xüsusilə məşhurlaşıb. 1823-cü ilə qədər Şuşa Qarabağ xanlığının paytaxtı olub. 1923-cü ildən Şuşa Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub”.

İsrailli ekspert yazır ki, 1991-ci ildə başlanmış Qarabağ müharibəsi dövründə Şuşanın bir sıra binaları, o cümlədən məşhur tarixi-memarlıq kompleksləri, təəssüf ki, dağıdılıb. Arye Qut yazır: “İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və dini irsinin məhv edilməsi, qarət olunması, murdarlanması və talan edilməsinə yönəlmiş planlı siyasətin həyata keçirilməsi gedişində memarlıq abidəsi statusuna malik olan 170-dən çox bina, 160 mədəniyyət və tarix abidəsi, məscidlər, nadir əlyazmalar erməni vandalizminə məruz qalıb. Onların arasında “Pənah xan imarət kompleksi” və kitabxana, xan sarayı və karvansara, Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Vaqifin məqbərəsi, Natəvanın evi və bir sıra başqa abidələr var”.

Məqalə müəllifinin sözlərinə görə, Azərbaycanın bu incisi artıq 26 ildir ki, erməni işğalçıların murdar əllərindədir.

Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində qüssəli-qüssəli yazır: “Öz ölkəsi və incəsənəti ilə, mədəniyyəti və təhsili ilə həmişə fəxr edən azərbaycanlılar üçün əslən Şuşadan olan Üzeyir Hacıbəyli, Bülbül, Natəvan və Vaqif, Xan Şuşinski və Bədəlbəylilər, Qaryağdı və Niyazi, Mehmandarov və neçə-neçə başqa adlar xüsusi əhəmiyyət kəsb edir. Düşmən üçün əlçatmaz qalada doğulmuş bu insanlar gözəllik yaradırdılar.

Bu gün tənha qalmış, yetimləşmiş, təhqir olunmuş Şuşa onun havasına “Bayatı Şiraz” sədalarının hopduğu vaxtlar üçün qəribsəyib. Azərbaycanın görkəmli musiqi xadimlərini xatırlayanda qəlbimizdə qəribə hisslər oyanır. Şuşanın əsl sakinləri bu şəhəri tərk edəndən sonra Azərbaycan musiqisinin beşiyi hər gecə təsvirəgəlməz dəhşətli yuxular görür.

Bu gün Şuşa heç özünə oxşamır. O, öz evində, lakin qəddar yadların əhatəsindədir. Onlar Şuşanın Azərbaycanla bağlı parlaq və unudulmaz keçmişini unutdurmaq üçün ətrafda nə varsa, hamısını məhv edirlər. ”

Şuşa sanki başa düşür ki, ətrafda bircə nəfər də doğma insan yoxdur. Erməni işğalçılar burada Azərbaycana aid izləri silməyə və “qədim erməni” izləri yaratmağa, erməni qriqorian kilsələri tikməyə və hətta şəhərin adını da dəyişməyə çalışanda Şuşa narahat olur.

Müəllif yazır: “İşğalçılar bu şəhərdə Azərbaycanla bağlı nə varsa hamısını məhv etməyə çalışır. Şuşa ağlayır ki, bu əliqanlı işğalçılar muzeyləri, incəsənət abidələrini, heykəlləri məhv edir, Azərbaycan qəbiristanlarını murdarlayır, Şuşanın öz Azərbaycan tarixini unutması üçün əllərindən gələni edirlər. Lakin Şuşa Azərbaycan irsini heç vaxt unutmur, çünki Azərbaycan xalqı bu böyük şəhəri heç vaxt unutmayacaq.

... 1992-ci il mayın 8-dən 9-na keçən qaranlıq və soyuq gecə. Hərbi əməliyyat hazırlanması barədə heç bir əlamət görünmür. Gecə yarıdan keçmiş kəşfiyyatçılar bildirdilər ki, ermənilər hücuma keçirlər. Lakin hücumun genişmiqyaslı olacağını heç kəs gözləmirdi. O gecə Azərbaycanın neçə-neçə mərd oğlu Azərbaycanın incisi, milli mədəniyyət bastionu Şuşanı müdafiə edərkən həlak oldular. Onların arasında bir yəhudi - Azərbaycan vətəndaşı Albert Aqarunov da vardı. Tank komandiri 23 yaşlı Aqarunov Vətən uğrunda canından keçdi. Albert qısa, lakin şərəfli, qəhrəmancasına ömür yaşadı”.

A.Qutun sözlərinə görə, Azərbaycanda Albert Aqarunovu sevirlər və onun xatirəsinə həmişə ehtiramla yanaşırlar. Arye Qut yazır: “Albert əsl qəhrəman və xalqlarımızın mərdlik nümunəsidir. Onun döyüş yoldaşlarının sözlərinə görə, igid zabit Albert Vətənə sadiq qalıb və son nəfəsinə qədər mərdlik, qətiyyət göstərərək qəhrəmancasına həlak olub.

Albertin ailəsi Quba rayonundakı məşhur Qırmızı Qəsəbədən idi. Onun atası Bakıda neft mədənlərində işləyirdi. Buna görə də onlar Əmircan qəsəbəsinə köçüblər. Bakı həmişə çoxlu imkanlar təklif edib. Albert mühəndis idi və onu tanıyanlar Alberti ağıllı bir gənc, əsl dost kimi xatırlayırlar. Bu oğlan qorxu nə olduğunu bilməzdi.

Albertin hərbi karyerası sovet ordusunda başlanıb, lakin tezliklə başa düşüb ki, hədsiz sevdiyi Vətənə qayıtmaq istəyir. Düşünürəm ki, dünyadakı insanların əksəriyyəti əhalisinin çoxu müsəlmanlar olan dünyəvi ölkədə doğulmuş, bu ölkənin milli qəhrəmanı adına layiq görülmüş yəhudi Albertin adını heç vaxt eşitməyib. Azərbaycanda Albert müharibə qəhrəmanıdır və Albert Vətən uğrunda həlak olandan illər sonra da belə davam edir.

Onun qısa və şanlı həyat hekayəti qəhrəmanlıq və mərdlik haqqında roman kimi oxunur. Bu yəhudi-azərbaycanlı qəhrəman öz tank batalyonunu erməni tanklarının hücumundan qorumaq üçün mövqe tutmuşdu. O, əsl dost, məşhur atıcı, öz Vətəninin məğrur müdafiəçisi idi. Albert erməni ordusunun ən böyük hədəflərindən biri idi. Onun güclü hərbi vərdişləri və milliyyətcə yəhudi olması erməni işğalçılara o qədər təhqiramiz təsir bağışlayırdı ki, onlar Albertin başına 5 milyon rubl qiymət qoymuşdular”.

Məqalə müəllifi vurğulayır ki, Albertin İsrailə və ya Qərbdəki başqa bir dövlətə mühacirət etməyə imkanı vardı, lakin o və azərbaycanlı həmvətənləri doğma Azərbaycanı müdafiə etmək üçün mübarizə yolunu, müharibə yolunu seçdilər. Albert Vətənin şərəfini, öz həmvətənlərinin şərəfini qorumaq naminə öz həyatını qurban verdi.

Albert Aqarunovun həyatı bütün insanlar üçün, xüsusən müsəlman aləmindəki yəhudilər üçün mənəvi və emosional rezonans doğuran mühüm insani bazisdir. Onun identikliyi yalnız bu səbəbdən reallaşdı ki, o, minilliklər boyu dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda doğulub və böyüyüb”.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovun dediklərindən: “Hər il Albertin doğum günündə Bakıya gəlirəm və görürəm ki, Azərbaycana xalqı mənim qardaşımı unutmur. O, gənc nəsil üçün qürur mənbəyi və nümunədir. Albert Azərbaycan ilə İsrail arasında dostluğun və tərəfdaşlığın rəmzlərindən biridir. Biz çox fəxr edirik ki, Azərbaycan xalqı və Azərbaycan ordusu Alberti unutmur. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü ordusu olan ölkədir. Bu ordu öz gücünü nümayiş etdirmək üçün həlledici məqam gözləyirdi və çox fəxr edirik ki, Azərbaycan ordusu bunu bacardı”.

Arye Qut İsrailində çıxan nüfuzlu ingilisdilli qəzetdə dərc olunmuş məqaləsini bu sözlərlə tamamlayır: “Bilirəm ki, indi Şuşa Azərbaycanın şanlı tarixini, Vətən uğrunda canlarından keçmiş Albertin və Azərbaycanın digər övladlarının mərdliyi və şücaətini xatırladıqca ağlayır. Ağlama, Azərbaycan xalqının zəif olmağa haqqı yoxdur.

Şuşa gözləyir və inanır ki, Azərbaycan Şuşanı özünə qaytaracaq, onu işğalçı ermənilərin qeyri-insani əzablarından xilas edəcək. Azərbaycanlılar Şuşanın itirilməsi ilə heç vaxt razılaşmayacaqlar, azərbaycanlılar Şuşanı özlərinə qaytarmalıdır!”. Məqalə ilə buradan tanış ola bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: