"Haber Global": “Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşası bu ilin sonunadək başa çatacaq” - VİDEO

A- A A+

Ötən il fevralın 6-da baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntı ilə üzləşən Türkiyənin Kahramanmaraş şəhərində salınan Azərbaycan məhəlləsinin inşasının il sonuna kimi başa çatması gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının zəlzələnin ildönümü ilə əlaqədar ərazidən hazırladığı xüsusi süjetdə bildirilib.

Qeyd olunub ki, Heydər Əliyev prospekti ilə Azərbaycan prospektinin kəsişməsində yerləşən məhəllədə inşaat prosesinin yay aylarında tamamlanması gözlənilir:

“Burada Heydər Əliyev adına ibtidai məktəb də inşa ediləcək. Məhəllədə binaların zəlzələyə davamlı olmasına xüsusi diqqət göstərilib. Tikililərin altında parkinq yerləri, məktəblər, tibb müəssisələri və lazımlı bütün infrastruktur olacaq”.

Süjetdə Azərbaycanın mənəvi dəstəklə yanaşı, Türkiyəyə 100 milyon dollar civarında maddi yardım göstərməsinə də diqqət çəkilib:

“Yardım edənlər arasında ilk sırada qardaş ölkə Azərbaycan dayanır. Zəlzələdən saatlar sonra Azərbaycandan yardım gəldi və bu gün də zəlzələ zonalarında Azərbaycanın bərpa işlərində dəstəyini görürük. Təbii fəlakət zamanı ən çox ziyan görmüş şəhərlərdən biri Kahramanmaraşdır. Burada 7491 dağılmış, 4434 təcili söküləcək, 6084 orta dərəcədə ziyan dəymiş və 35 972 ağır ziyan dəymiş bina var. Ümumilikdə 53 945 binaya ziyan dəyib. Onların sökülməsindən sonra yeni binalar inşa edilir. Azərbaycan məhəlləsi də bunlardan biridir. Burada 1323 mənzil və 799 iş yerinin yaradılması planlaşdırılır”.

Süjetdə Prezident İlham Əliyevin zəlzələnin birinci ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı mətninə də yer verilib:

“Azərbaycan Prezidenti İlham Əliyev bu fəlakətin Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdığını bildirib. Eyni zamanda, Ərdoğanın liderliyi və Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövlətinin bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcəyinə əminliyini bildirib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: