Azərbaycan-UNESCO əməkdaşlığı: beynəlxalq mədəni əlaqələrdə yeni mərhələ

A- A A+

Beynəlxalq təşkilatlarla əlaqələr hər bir müstəqil ölkə üçün çox əhəmiyyətlidir. Müasir tarixi mərhələdə dövlətlərarası əlaqələr o dərəcədə inkişaf edib ki, fəaliyyətin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu bağlılıqda mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq ayrıca əhəmiyyət daşıyır. Bu səbəbdəndir ki, müxtəlif müstəqil dövlətlər BMT-nin ixtisaslaşmış qurumlarından biri olan UNESCO ilə əlaqələrə xüsusi önəm verirlər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə 1993-cü ildə yenidən qayıdışından sonra Azərbaycan-UNESCO əlaqələri tamamilə yeni dinamika aldı. Tərəflər arasında əməkdaşlıq UNESCO-nun himayə etdiyi bütün istiqamətlər üzrə sürətlə inkişaf etdi. Bu prosesdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu vardır. Həmin kontekstdə Azərbaycanla UNESCO arasındakı əməkdaşlığın təkamül dinamikası və indiki mərhələdə ümumi səciyyəvi xüsusiyyətlərinin geniş təhlilinə ehtiyac görürük.

Beynəlxalq təşkilatlarla əlaqələr: müstəqil dövlət üçün əhəmiyyətli məqamlar

Müstəqillik illərində Azərbaycan Respublikası nüfuzlu beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq edir. BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı olan UNESCO ilə əlaqələrə Bakı xüsusi önəm verir. UNESCO BMT-nin ixtisaslaşmış təşkilatıdır. O, üzv ölkələrə bir sıra sahələr üzrə yardımlardan bəhrələnmək imkanı verir. O cümlədən, bu təşkilat təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsində, maddi-mədəni irsin qorunmasında əhəmiyyətli rol oynayır.

Lakin burada bir incə məqam da vardır. UNESCO fəal üzvlərlə əməkdaşlıqdan daha çox faydalana bilir. Yəni məsələ yalnız BMT-nin bu ixtisaslaşmış qurumunun yerinə yetirdiyi missiyada deyil. Başlıca şərt üzv dövlətin fəal iştirakı və xoşməramlı mövqe tutması ilə bağlıdır. Bu aspektdə heç də bütün üzvlər eyni qiymətləndirilmir. Azərbaycan isə bu istiqamətdə də digərlərindən müsbət mənada fərqlənir.

Belə ki, Azərbaycanın xarici siyasətində UNESCO ilə əməkdaşlıq rəsmi olaraq prioritet istiqamətlərdən biri kimi qəbul olunub. Ölkənin bu qurumla aktiv əlaqələri 1993-cü ilin ikinci yarısında Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra real məzmun kəsb edib. Bu sırada Heydər Əliyevin 1993-cü il dekabrın 19-21-də Parisə səfəri zamanı UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü xüsusi rol oynayıb. O zaman ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və inkişaf perspektivləri əhatəli müzakirə edilmiş və bunun yekunu olaraq memorandum imzalanmışdı. Artıq 25 ildir ki, Azərbaycan-UNESCO əlaqələri bu sənəddə ifadə olunan müddəalara və beynəlxalq hüquq normalarına uyğun yüksələn xətlə inkişaf edir.

Onu da vurğulamaq gərəkdir ki, Heydər Əliyevin əsasını qoyduğu bu əməkdaşlıq kursunda 1994-cü il fevralın 21-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yanında Milli Komissiyanın yaradılması da ciddi rol oynayıb. Bu komissiya 2005-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərir ki, bu da Prezident İlham Əliyevin Ulu öndərin siyasi kursuna sədaqətini və məsələlərə yaradıcı yanaşmasını nümayiş etdirir. Həmin komissiyanın Parisdə UNESCO yanında da Daimi Nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycanın UNESCO ilə əməkdaşlığından danışarkən, mütəxəssislər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulayırlar. Doğrudan da Mehriban xanım Əliyeva olduqca böyük fəallıqla Azərbaycanla BMT-nin bu ixtisaslaşmış komissiyası arasında əlaqələrin sürətli inkişafında müstəsna rol oynayıb. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyeva mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda dərin rəğbət və hörmət qazanıb.

Münasibətlərin yeni tempi: Mehriban xanım Əliyevanın düşünülmüş xətti

Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Bu Fondun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği sahəsində böyük layihələr həyata keçirilib. Bunlara muğam müsabiqələri, uşaq musiqi festivalları, caz festivalı və digər mədəni tədbirlər aiddir. Onların sayı keçən müddətdə o dərəcədə artıb ki, artıq bu barədə sistemli və əsaslı tədqiqat aparmaq lazım gəlir. Yəni, Mehriban xanım Əliyeva Azərbaycan-UNESCO əlaqələrini düşünülmüş kurs üzrə, ardıcıl və davamlı olaraq inkişaf etdirib. Bu proses indi də uğurla davam edir və ölkəmiz bundan böyük faydalar götürür. Mədəniyyətimiz dünyanın bütün ölkələrində artıq tanınır.

2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu illərdir ki, çoxşaxəli və geniş fəaliyyəti ilə dünyada böyük maraq doğurur. Mütəmadi olaraq Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası ilə bağlı layihələr reallaşdıran Fond dövlətçiliyin möhkəmlənməsi və mədəniyyətin təbliği sahəsində olduqca əhəmiyyətli missiya yerinə yetirir.

Heydər Əliyev Fondu məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində də kifayət qədər fəaldır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıdan proqramların reallaşdırılması UNESCO ilə əməkdaşlığın çox mühüm aspektini təşkil etməkdədir.

Azərbaycanın birinci xanımı mədəniyyətlərarası əlaqələrin inkişafında, ölkəmizin zəngin mədəniyyətinin qorunması, müxtəlif mədəniyyət nümunələrinin öyrənilməsi sahəsində göstərdiyi xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu hadisə sadəcə böyük xidmətləri olan bir şəxsiyyətin layiq olduğu qiyməti alması deyildi, həm də Azərbaycan-UNESCO əlaqələrində inkişafın yeni mərhələsinin təsdiqi idi. Çünki Mehriban xanım Əliyeva sistemli, konseptual və düşünülmüş fəaliyyəti ilə Azərbaycanla UNESCO-nun əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldə bildi. Burada iki istiqaməti vurğulamaq istərdik: birincisi, Azərbaycanın mədəni sərvətlərinin dünyanın qeyri-maddi mədəni irsi siyahısına salınması üçün silsilə tədbirlər, layihələr və proqramlar reallaşdırılır, ikincisi, başqa xalqların mədəniyyət nümunələrinin qorunması, saxlanması, bərpası və funksional imkanlarının artırılması istiqamətində konkret addımlar atılmaqla milli ilə beynəlmiləlin vəhdətinin Azərbaycan dövləti üçün prinsipial əhəmiyyət daşıdığı dünyaya nümayiş etdirilir. Bu iki istiqamət azərbaycançılıq ideologiyasında mövcud olan bir vacib tezisdən qaynaqlanır. Daha dəqiq desək, Mehriban xanım Əliyevanın həyata keçirdiyi proqramlar, reallaşdırdığı layihələr azərbaycançılıq ideologiyasında mühüm yer tutan milli ilə beynəlmiləlin harmoniyasını ifadə edən müddəanın mədəniyyət siyasəti sahəsinə ustalıqla tətbiqi kimi dərk edilə bilər.

Ulu öndər Heydər Əliyevin yeni məzmun verdiyi azərbaycançılıqda azərbaycanlılar milli mədəniyyəti qoruyub saxlamağa, ona dərindən yiyələnməyə və sahiblənməyə borclu olmaqla yanaşı, fərqli mədəniyyətə, dünya xalqlarının mədəni-mənəvi dəyərlərinə də açıq olmalıdırlar. Bu müasir və səmərəli ideyanı isə ancaq konkret üsullar, təsir, təbliğ, təşviq və kommunikasiya kanalları vasitəsilə həyata keçirmək mümkündür. Mehriban xanım Əliyeva məhz bütün bu incə məqamları özündə ehtiva edən və konseptual xarakter daşıyan fəaliyyət göstərib və bu, hazırda davam edir. Deyilənlər çoxlu sayda faktlarda öz təsdiqini tapır. Onlardan bir neçəsini xatırladaq.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu (Şirvanşahlar saray kompleksi və Qız qalası da daxil olmaqla) Dünya Mədəni İrs Siyahısına salınıb. "İçərişəhər" tarix-memarlıq nümunəsi kimi Azərbaycan milli mədəniyyəti ilə dövlətçiliyin qovuşmasının rəmzlərindən biridir. Orada inşa edilən tikililər gözəl və özünəməxsus mədəniyyət nümunələri olmaqla yanaşı, eyni zamanda, Şirvanşahlar sarayının timsalında Azərbaycan dövlətçiliyinin vacib mərhələlərindən birinin sübutudur. Bu kompleksin beynəlxalq miqyasda qəbul edilməsi həm də Azərbaycan dövlətçiliyinin qəbul edilməsidir ki, bizə dost olmayan dairələr üçün tutarlı cavabdır. Göründüyü kimi, Mehriban xanım Əliyeva bir addımla müxtəlif istiqamətlərdə əhəmiyyət daşıyan hədəflərə nail ola bilib. Azərbaycanın mədəniyyət siyasətinin gözəl nümunələrindən birini ortaya qoyub. Eyni məntiqlə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil edilməsinin əhəmiyyətindən bəhs edə bilərik.

Bu istiqamətdə atılan addımlarla bağlı siyahını davam etdirə bilərik: Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, çövkən-Qarabağ atüstü oyun ənənəsi, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, lavaş artıq UNESCO-nun Azərbaycanın milli dəyərləri kimi tanıdığı nümunələrdir. 2018-ci ilin dekabr ayında isə Azərbaycan dolması və kamança UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.

Daha mükəmməl fəaliyyət: mədəniyyət və dialoq naminə

Azərbaycanla UNESCO arasındakı əməkdaşlığın yeni səviyyədə inkişafı Mehriban xanım Əliyevanın bu qurumun tədbirlərində aktiv iştirakı ilə daha dolğun məzmun edib. 2004-2012-ci illərdə Mehriban xanım Əliyeva mütəmadi olaraq Parisdə, UNESCO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağında iştirak edib. Azərbaycanın Birinci vitse-prezidenti həmin toplantılar çərçivəsində müxtəlif görüşlər keçirib. Həmin görüşlərdə aparılan müzakirələr nəticəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm qərarlar qəbul edilib. Bunun fonunda UNESCO baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlərin təşkil edilməsi çox aktual görünür.

Bu kimi addımları ilə Mehriban xanım Əliyeva Azərbaycan-UNESCO əlaqələrinə həm yeni stimul verib, həm də onu məzmunca daha da zənginləşdirib. Həmin aspektdə Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyət, elm, təhsil, incəsənət xadimləri ilə bağlı müxtəlif layihələri UNESCO-nun himayəsi ilə keçirməsi və sivilizasiyalar, mədəniyyətlər, dinlərarası dialoqa həsr edilmiş tədbirlərdə fəal iştirak etməsi ayrıca yer tutur.

Nümunə kimi 2005-ci il sentyabrın 13-də Parisdə UNESCO-nun baş qərargahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimin keçirilməsini göstərə bilərik. Həmin tədbirdə UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.

2006-cı il oktyabrın 21-də isə Mehriban xanım Əliyeva UNESCO-nun 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq həftəsi" çərçivəsində Azərbaycan günü ilə bağlı "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı altında keçirilən tədbirdə iştirak edib. 2008-ci il mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert proqramı təqdim edilib. Həmin il noyabrın 10-da yenə UNESCO-nun baş qərargahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Yubiley mərasimində UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edib.

Yeri gəlmişkən, vurğulayaq ki, məhz bu kimi fəaliyyətlərinə görə, Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koiçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə isə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.

Azərbaycan-UNESCO əlaqələrinin yeni mərhələsi yuxarıda vurğulanan faktlarla yanaşı, gənc istedadlı azərbaycanlıların dünyada tanıdılması ilə də xarakterizə olunur. Belə ki, 2011-ci il aprelin 19-da UNESCO-nun baş qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə "Azərbaycanın gənc istedadları" adlı möhtəşəm konsert proqramı təşkil olundu. Mehriban xanım Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokova konserti izləyiblər. Bu, Azərbaycanın birinci xanımının təşəbbüsü idi və yalnız simvolik məna daşımırdı. Həm də bütün dünyaya göstərilirdi ki, Azərbaycan gənc istedadlar diyarıdır və Azərbaycan xalqı qədimdən kreativ keyfiyyətlərə malikdir. Bu baxımdan 2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisinin keçirilməsi də çox əlamətdar hadisədir. Çünki Azərbaycan xalçaları dünyada nadir sənət əsərlərindən biridir və şübhəsiz ki, onların nümayişi bizim ölkədə yüksək səviyyədə ustaların yetişdirildiyinin birbaşa təsdiqidir.

Həmin ilin sentyabr ayının 12-də UNESCO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrlərinin təqdimatının əlaqələrin inkişafında xüsusi yeri vardır. Çünki həmin nəşrlərdə Azərbaycanın mədəni həyatı dolğun şəkildə ifadə olunub. Onlara nəzər salan hər bir şəxsin milli mədəniyyətimiz haqqında obyektiv təsəvvürü formalaşır.

2013-cü il iyulun 18-də Azərbaycanın UNESCO-ya üzvlüyünün 20 illik yubileyi ilə əlaqədar, Mehriban xanım Əliyevanın iştirakı ilə Parisdə təntənəli tədbirlər keçirildi. UNESCO-nun daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi təşkil edildi. 2013-cü il oktyabrın 22-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpoziumun keçirilməsini də qeyd etmək gərəkdir. Simpozium müasir dünya üçün çox aktual olan "Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi" mövzusuna həsr edilmişdi. Burada həm də "Azərbaycan – tolerantlıq məkanı" adlı foto-sərginin açılışı da oldu.

Azərbaycanla UNESCO arasında əlaqələrin yeni mərhələsində tərəflər arasında imzalanan rəsmi sənədlər xüsusi rol oynayır. Bu sırada 2013-cü il iyulun 18-də Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev və UNESCO-nun baş direktoru İ.Bokova tərəfindən "Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nin imzalanması ayrıca vurğulanmalıdır. Sazişdə Azərbaycanın təşkilat üçün 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi ayırması qeyd olunub. Bu vəsait qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində UNESCO-nun işini möhkəmləndirməyə və azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına sərf olunur. Daha mühüm hadisələrdən biri bu saziş əsasında "Etimad Fondu"nun yaradılmasıdır.

2015-ci ilin noyabrın 17-də UNESCO-nun Nizamnaməsinin qəbulunun 70 illiyi münasibətilə Parisdə keçirilən UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda Mehriban xanım Əliyeva da iştirak edib. Azərbaycanın birinci xanımı çıxışında dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs edib. Tədbir iştirakçıları Mehriban xanımın qloballaşmanın humanitar aspektlər ilə bağlı irəli sürdüyü fikirləri böyük maraqla qarşılayıblar. Çıxışı zamanı Mehriban xanım səmimi dialoq və xoş məramın çətinliklərin uğurla aradan qaldırılmasında əsas vasitələr olduğunu xüsusi vurğulayıb.

Bu gün də Azərbaycan-UNESCO əlaqələri sürətlə inkişaf edir. 2018-ci ildə "Bakı prosesi"nin 10 illiyi ilə bağlı UNESCO ilə birgə tədbirlər təşkil edilib. Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi UNESCO-nun baş qərargahında və Almaniyada qeyd olundu. İtaliyada, Türkiyədə və Almaniyada Azərbaycan muğamının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə silsilə tədbirlər keçirildi.

Bunlardan başqa, 2018-ci ildə ölkəmiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçildi. Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən Hökumətlərarası Komitənin 13-cü sessiyasında "Çövkən-ənənəvi Qarabağ atüstü oyunu" faylı ilə bağlı milli hesabat qəbul olunub.

"Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması əlamətdar hadisədir. Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə səyləri sayəsində "Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" türk mədəni abidəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildi.

Nəhayət, 2018-ci il dekabrın 26-da UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirildi. Görüşdə 2019-cu ildə Azərbaycanla UNESCO-nun birgə planladığı tədbirlər müzakirə edildi. Vurğulandı ki, 2019-cu ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ili tamam olur. Bununla bağlı layihələr həyata keçiriləcək. Eyni zamanda, 2019-cu ildə təşkilatın baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd ediləcək.

Yuxarıda vurğulanan konkret faktlar Azərbaycanla UNESCO arasında əməkdaşlığın yeni mərhələsinin bir sıra özəlliklərini müəyyənləşdirməyə imkan verir. Hər şeydən öncə, bu proses Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə sıx bağlıdır. Digər məqam ondan ibarətdir ki, əməkdaşlıq daha sistemli olmaqla yanaşı, əhatə dairəsi də genişlənir. Artıq Azərbaycan dünyanın istənilən regionunda təşkil edilə biləcək tədbirlərin təşəbbüskarı ola bilir. Üçüncü özəllik Azərbaycanın indi müxtəlif mədəni tədbirlərin keçirilməsində donor ola bilməsi ilə bağlıdır. Növbəti məqam isə, Azərbaycanın mədəniyyət siyasətini xarici siyasətin digər aspektləri ilə getdikcə daha sıx əlaqələndirməsindən qaynaqlanır. Bu cəhət bütövlükdə Azərbaycanın siyasi kursunun sürətlə dəyişən geosiyasi-mədəni situasiyaya çevik reaksiya verə, adaptasiya edə bilməsinin sübutudur. Bu prosesdə UNESCO ilə əlaqələrin ciddi rol oynaması çox əlamətdardır. Çünki XXI əsr mədəniyyət əsridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: