Bakıda “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” adlı dəyirmi masa keçirilib - VİDEO
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 100-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” adlı dəyirmi masa keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan qədim Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda, şərəfli tarixi inkişaf yolundan ətraflı danışıb. Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu bildirən B.Əsgərov Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamı müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisə adlandırıb. O qeyd edib ki, Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti var. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Son 100 ildə Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçib. Ölkə Prezidentinin Naxçıvana ardıcıl səfərləri, muxtar respublikanın yaradılmasının yubileylərində proqram xarakterli çıxışları, muxtar respublikada müstəqillik illərində görülən işlər, həyata keçirilən quruculuq tədbirləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə uğurla davam etdirildiyini göstərir. Bu gün ardıcıl, düşünülmüş, uzaqgörən siyasət nəticəsində Naxçıvan birbaşa Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə müasir inkişaf dövrünün yeni mərhələsinə başlayır. Naxçıvan muxtariyyət statusu qazanmasını və muxtar respublikanın 100-cü ildönümünü keçdiyi şanlı tarixin qüruru, daha böyük nailiyyətlərə imza atmaq arzusu ilə qeyd edir.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edildikdən sonra 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndindən söz açan B.Əsgərov vurğulayıb: “Həmin bəndə əsasən regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Yaranacaq dəhlizdən region dövlətlərinin istifadəsi üçün zəmin yaranır. Ən əsası isə Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi formalaşır. Dəhlizin bərpası ilə region dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün sağlam mühit formalaşacaq. Yaradılacaq bu şərait, ilk növbədə, muxtar respublikanın iqtisadi, sosial inkişafı üçün etibarlı təminatdır”.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizə apardıqlarını, bu kontekstdə Qərbi Azərbaycan torpaqlarına qayıdışla bağlı ilk tədbirin də məhz Naxçıvanda keçirildiyini qeyd edib. Deputat müstəqil Azərbaycanın quruculuğu prosesinin Naxçıvandan başladığını xatırladaraq deyib ki, Naxçıvan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsində ən öndə gedən bölgələrdən biri olacaq.
Sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva Naxçıvanı düşünən beyinlər, istedadlar diyarı adlandırıb. Deputat Naxçıvan torpağında böyük ictimai-siyasi xadimlərin yetişdiyini diqqətə çatdırıb. “Naxçıvanı bizə doğma edən onun qədim diyar olması ilə yanaşı, bu torpağın Vətənimizə bəxş etdiyi böyük, dahi insanlar. Onlardan birincisi isə ən böyük azərbaycanlı olan Ulu Öndər Heydər Əliyevdir”, - deyə deputat vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd olunması haqqında Sərəncamının Naxçıvanın çoxəsrlik inkişaf yoluna verilən böyük dəyərin nəticəsi kimi qiymətləndirib. O qeyd edib ki, Naxçıvanın taleyində Ulu Öndərin müstəsna rolu var. Ulu Öndərin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində göstərdiyi xidmətlər muxtar respublika da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük rol oynayıb. Heydər Əliyev Naxçıvan da daxil olmaqla, Azərbaycanın müstəqilliyinə öz möhürünü vurub. Bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır.
Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.