Qandonduran Xocalı indi şəfəq saçır - faciə qurbanlarının qisası mərdliklə alındı

A- A A+

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Erməni millətçiləri Azərbaycanın torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş və bundan sonra məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar törətmişlər. Hələ ötən əsrin əvvəllərində Mart soyqırımları, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiyası, 1988-ci ildə isə 250 min həmyerlimizin öz tarixi torpaqlarından qovulması bu mənfur siyasətin əsasını təşkil edirdi. Erməni şovinistlərinin məkrli planları 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrlə daha açıq xarakter aldı və yüzlərlə kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı da məhz bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri öz havadarları və bir qrup muzdur dəstəsi ilə birlikdə Xocalı şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin ərazini tərk edə bilməyən hissəsini qəddarlıqla qətlə yetirdilər. Bu vandalizm aktı zamanı ermənilər törətdikləri çox saylı qətllərlə kifayətlənməmiş, sağ qalmış insanlar üzrərində də tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Bununla yanaşı, hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konversiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı soyqırım həyata keçirildiyini bir daha təsdiqləyir. Bu soyqırım zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indi də məlum deyil.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərmişdir. Həmin vaxtlardan bu yana Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, internet saytları yaradılmış, genosid müxtəlif təşkilatlarda gündəmə gətirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət” beynalxalq təbliğat-təşviqat kampaniyası həqiqətlərin üzə çıxarılmasında, faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır.

Amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamı daima təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdır. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

 

Xocalını bu ili tək kədərlə yox, eyni zamanda qürurla anılırıq. Xocalı üçün ədaləti Azərbaycan Ordusu bərqərar etdi, amma beynəlxalq məhkəmələrdə və tribunalarda hələ ədalət təcəssüm etməyib. Bununla belə deyə bilərik - 32 ildən sonra Xocalı qurbanlarını artıq başı uca, qalib ölkə kimi anırıq. Təqvim vərəqlərimizdə qara dairəyə alınmış o faciəvi tarixə, hüznlə, kədərlə, qəzəb hissi ilə andığımız o dəhşətli zamana, Xocalı sakinlərinin dünyada misli görünməmiş soyqırımına məruz qaldıqları o məşum günə, yer üzündən silinən ailələrin müsibətinə, qundaqda ömrü qırılan körpələrin yarımçıq taleyinə ağladıq, gözlərimiz qan-yaş tökdü. Və qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içdik. And içdik ki, qisasları qiyamətə qalmayacaq.

Və 2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu. Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin müjdələdiyi 10 noyabr tarixində insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi - “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb...” dedilər.

Xocalı deyəndə hər zaman sarsılmışıq, o dəhşətli həqiqəti unutmamışıq. O dinc, gözəl şəhərimizə amansız soyqırımı gətirənləri lənətləmişik. Özü də təkcə biz yox, dünya lənətləyib. XX əsrin ən dəhşətli qırğınlarından biri, erməni millətçiliyinin tarixdən silinməyən qara ləkəsidir Xocalı soyqırımı. Qapqara gecənin içində havadarlarına güvənib yarıyuxulu şəhəri oda qalayan, qırdıqlarını qıran, qırmadıqlarını əsir götürən, insan ağlına sığmayan vəhşiliklər törədən erməni faşistləri tarix boyu bu murdar əməllərinə görə başıaşağı olacaqlar. Azərbaycanın isə başı ucadır, çünki Xocalının qisasını qiyamətə saxlamadı.

Keçən illərdən fərqli olaraq artıq bu ildönümündə biz qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Bu Qələbə həm də müzəffər Sərkərdənin timsalında ata vəsiyyətinin uğurla yerinə yetirilməsi idi. Ulu öndərin atdığı təməllər və reallaşmasını gözləyən ideyaları Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və igidlərimizin rəşadəti ilə birləşib işğala son qoydu. Parlaq Zəfərimizlə xocalıların ürəyinə saplanan tikanı çıxartdıq. Azərbaycan əsgəri günahsız xocalıların eləcə də 20 Yanvar, Qarabağ şəhidlərinin, qisasını aldı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Xocalı cinayətkarlarından bir neçəsi dövlətimizin təxirəsalınmaz tədbirləri nəticəsində tutularaq məhkəmə qarşısına çıxarıldı, qanun qarşısında hesabat verməli oldu. Bu cəza əməllərinin qarşılığında bəlkə də ən mülayim reaksiya idi. Qəddarlığa qarşı humanizm mövqeyi, qanunun ali səviyyədə qorunması ölkəmizin dünya müstəvisindəki tolerantlığına daha bir nümunə oldu. Amma nə dövlətimiz, nə də xalqımız onları əsla bağışlamayıb, əksinə, bu canilər ömürlərinin axırına kimi bizim artan qüdrətimizi, qana çevirdikləri yurdların gülüstan simasını, mənsub olduqları tayfanın çöküşünü izləyəcək, məzaradək zarıldayacaqlar. Bundan da betərinə layiqdirlər. Lakin Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün Şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu”. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib.”

Xocalı  faciəsi nə qədər acı olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Gələcək nəsillərin, yeniyetmə və gənclərin daha da vətənpərvər ruhda böyüməsinə təkan verdi. Bütün sadalanan tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı tərəfindən müxtəlif tədbirlər çərçivəsində bu məqsədlə ölkə tarixində xüsusi əhəmiyyətə malik hadisələr, o cümlədən Xocalı soyqrımı ilə bağlı həqiqətlər yeniyetmə və gənclər arasında təbliğ olunur, onlarla bu barədə maarifləndirici söhbətlər aparılır. Şəhidlərimizin həyatı və qəhrəmanlıq yolunun gənclərə aşılanması, onların xatirəsinin yaşadılması və ailələrinə mənəvi dəstək göstərilməsi istiqamətində müxtəlif addımlar atılır.

Bu gün hər bir Azərbaycan gənci müstəqilliyimizi, suverenliyimizi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlı olan gənclik yetişib. Beynəlxalq müstəvidə ölkəmizə qarşı ikili standartların təqdbiq olunduğu bir dövrdə, xarici kəşfiyat orqanlarının məkr dolu ideoloji fəaliyyəti qarşında, xüsusən də gənclərimiz ayıq, sayıq olmalı, milli dəyərləri qoruyub saxlamalıdırlar.  İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır. Bu kimi məsələlərdə ölkə başçısının hərzamanki həssas mövqeyi, aidiyyəti təşkilatlar qarşısındakı mühüm tapşırıq və istiqamətləri yad dairələrin çirkli planları önündə möhkəm sədd çəkir. Ümumiyyətlə gənclər siyasətinin əsasını azərbaycançılıq ideyası təşkil edir və son illər gənclərin fəaliyyətlərinin müsbət yöndə stimullaşdırılması üçün hazırlanmış müxtəlif dövlət proqramlarının uğurlu icrası cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına güclü təkan verib. Bütün görülən işlərin fonunda, unutmamaq lazımdır ki, milli kimliyi, ailə dəyərləri, yurd təəssübkeşliyi ümumi xarakteri etibarilə Azərbaycan gənci, Azərbaycan vətəndaşı üçün Vətən hər zaman ən ümdə anlayışdır. Çünki bu Vətən bizim anamızdır. Ana isə müqəddəsdir.  

 

Mirməciad Seyidov

Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini,

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: