İsrailli ravvin ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasını Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınayıb
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ölkəsinin populyar “Israel HaYom” nəşrində “Azərbaycan ABŞ Dövlət Departamentinin izləmə siyahısında olmalıdırmı?” sərlövhəli məqalə ilə çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, həmin məqalədə jurnalist həmyerlisi ravvin İsrael Baruxun fikirlərinə də istinad edib. İ.Barux bildirib ki, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) nəzərində İranla əlaqəsi sübuta yetirilən dini radikallara münasibətdə Azərbaycanın tətbiq etdiyi nəzarət dini təzyiq məsələsidir. Halbuki əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın İslam aləminə ilk dünyəvi respublikanı bəxş etməsi, qədim zamanlardan müxtəlif yəhudi və xristian icmalarının sığınacağı olması fonunda bu ölkənin Komissiyanın xüsusi izləmə siyahısına daxil edilməsi haqlı təəccüb doğurur.
Jurnalist, həmçinin bildirib ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyası Azərbaycanın İranla həmsərhəd olmasını əsas gətirərək, öz sərhədləri daxilində əcnəbi dini liderlərə nəzarət etməsi səbəbindən Azərbaycanın Dövlət Departamentinin xüsusi izləmə siyahısına daxil edilməsini tövsiyə edib. Müəllif təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq mediada “tolerantlıq vahəsi” adlandırılan, ekstremizmin ölkəsinə daxil olmasına və fəaliyyət göstərməsinə imkan verməyən Azərbaycan hökuməti ədalətsiz münasibətlə üzləşib.
Məqalədə Komissiyanın qərəzli mövqeyinin izahı da verilib: “USCIRF-in yüksək səviyyəli əməkdaşlarından biri, əvvəllər ABŞ-dəki iki böyük erməni lobbi qruplarından biri olmaqla bu ölkədə Azərbaycan əleyhinə kampaniyaları ilə tanınan Amerika Erməni Assambleyasının kommunikasiyalar üzrə direktoru vəzifəsində çalışmış, hazırda isə Komissiyanın ictimai əlaqələr üzrə direktoru kimi fəaliyyət göstərən Danielle Aşbahiyandır”.
Məsələ üzrə digər tanınmış ekspertlərin də fikirlərinin yer aldığı yazıda yekdilliklə qeyd olunub ki, dinc yanaşı yaşama modeli kimi multikulturalizmi, plüralizmi və dini tolerantlığı ilə tanınan, ekstremizmlə qlobal miqyasda mübarizə aparan, Qərbdən fərqli olaraq, antisemitizm təcrübəsinə malik olmayan Azərbaycanın Dövlət Departamentinin xüsusi izləmə siyahısına salınması ciddi yanlışlıq və ədalətsizlikdir.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.