Ukrayna mediası: NATO-nun Baş katibi Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıb - FOTOLAR
NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə mətbuata bəyanatı Ukrayna mediasının diqqət mərkəzində olub.
NUHÇIXAN xəbər verir ki, “Ukrinform”, “İnterfaks-Ukrayna”, “TCN”, “Gazeta.ua” və digər informasiya agentliklərində, xəbər portallarında dərc olunan məqalələrdə Yens Stoltenberqin Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə dair fikirləri yer alıb.
“Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”, - deyə media qurumları NATO-nun Baş katibinə istinadla yazıblar.
Yazılarda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Bakının NATO ilə əməkdaşlığa sadiq olduğuna dair fikirləri də yer alıb. Dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, NATO-Azərbaycan tərəfdaşlığının uzun tarixi, 30 ildən çox yaxşı tərəfdaşlığı var. Azərbaycan Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib, bu, Azərbaycan üçün böyük təcrübə oldu.