Son iki yüz ildə Azərbaycan tarixinə qanlı səhifələrlə yazılmış və faciəvi hadisələrlə insanları dəhşətə gətirən 1918-ci ilin Mart soyqırımı bəşər sivilizasiyasının tarixinə yazılan, insanlığa nifrətdən doğan görünməmiş cinayətdir.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan oldu. Azərbaycanlılara qarşı törədilmiş qətliam, 31 Mart soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir.
Bəşəriyyət tarixin müxtəlif mərhələlərində etnik təmizləmə siyasəti və soyqırımı kimi cinayətlər yaşayıb. Bu mənada soyqırımı etnik, irqi, dini, milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi, kütləvi şiddət formasıdır. Soyqırımı insanlıq, bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayətdir. Çox təəssüf hissi ilə bildirməliyik ki, bir əsrdə iki böyük miqyaslı soyqırımına məruz qalmış bir xalq kimi qəlbimizdə, ruhumuzda hər zaman o faciələrin izlərini yaşadacağıq. Böyük maddi zənginliyə malik torpaqlarımızı işğal etmək arzusunda olanlar hər zaman xalqımızın mərd və cəsarətli dirənişi ilə qarşılaşmışlar. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Tariximizin acılarla dolu olan, qan yaddaşımızda silinməz izlər qoymuş səhifələrindən biri, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, "Müsavat" partiyasının durmadan artan nüfuzu bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı. Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər "Müsavat" partiyasına ciddi şəkildə uduzmuşdu. "Müsavat"ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, "Müsavat" partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi. 1917-ci ilin 29 dekabrında Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksutyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur.
Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırımına başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədə pulemyotlar qoyulmuşdu. Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər. Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər.
Qeyd edək ki, XX əsrin birinci yarısında ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlarına dair kifayət qədər faktlar həmin dövrün mətbuat orqanlarında öz əksini tapıb, arxiv sənədləri arasında yer alıb. Faktların təkcə mətbuatda deyil, həm də bədii ədəbiyyatda ifadəsi və aşkar edilməsi soyqırımı mövzusunun bədii ədəbiyyatda işlənməsi ilə bağlı elmi-tədqiqat işinin aparılmasının aktuallıq və vacibliyini ortaya qoyub. Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalıb, ancaq ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər" romanı, Cəfər Cabbarlının "1905-ci ildə" dramı, M. M. Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərlərində öz əksini tapıb. Bundan başqa, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Mirzə Bağır Əliyev və başqa ziyalılar da soyqırımı mövzusunu bədii ədəbiyyatda geniş şəkildə ifadə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, "erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır". Prezidentin bu sözləri tariximizin qaranlıq səhifələrinə işıq salmaq, aydınlıq gətirmək, xüsusilə azərbaycanlıların soyqırımı faciəsi haqqında daha ətraflı, yeni məlumatların əldə olunması məqsədilə tədqiqatçıları bu istiqamətdə daha da fəallaşdırır.
Ermənilər XX əsrin əvvələrində Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi. Yüz il əvvəl dini və milli mənsubiyyətinə görə nəinki insanlar qətlə yetirilmiş, hətta yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Məqsəd müsəlman-türk əhalinin izlərini silməkdən ibarət idi. Özü də yalnız azərbaycanlılara qarşı deyil, ermənilər minlərlə ləzgi, yəhudi, rus, avar və talış xalqlarına mənsub insanları süngülərdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələrini dağıdıblar.
Əlbəttə, talanlar və qətllərdən sonra ədalətli araşdırmalar aparılmamışdır və hüquqi, siyasi qiymət verilməyib. Lakin əldə olan faktlar deməyə əsas verir ki, bu, milli-dini zəmində azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı idi. Soyqırımda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bu, bir irqin, bir xalqın yox edilməsi üçün atılmış addımlar idi. 1918-ci ilin mart ayından iyul ayına qədər bu faciəvi işğal davam etdi. Yalnız Osmanlı-türk qardaşlarımızdan təşkil olunmuş Qafqaz İslam Ordusunun azadetmə və qan qardaşlarını xilasetmə əməliyyatlarından sonra Bakı azad olundu. Milli mənsubiyyətimizin itirilmə təhdidi yaşadığı o illərdə, çox qısa zaman kəsiyində biz müdrik xalq kimi toparlana bildik və müsəlman şərqində ilk demokratik cümhuriyyəti yaratdıq. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu, tarixi sənəddir. O tarixə qədər heç kimsə Azərbaycan xalqının başına gətirilən müsibətlərə bu qədər aydın və səlis siyasi-hüquqi qiymət vermədi. Ulu Öndər Heydər Əliyev bu siyasi yanaşması ilə eyni zamanda da yeni formalaşan nəsillərə öz tarixinə diqqət və qayğını təlqin etdi. Məhz ümummilli liderin bu uzaqgörən qərarından sonra 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi sürətlənmiş, məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına xüsusi diqqət ayrıldı, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu. Bütün ölkə ərazisində erməni vandallığının izlərinə rastlansa da 31 mart hadisələrinin sözsüz ki, kuliminasiya nöqtəsi məhz Quba qətliamlarıdır. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Bu görüntülər əlbəttə, ürək ağrıdıcı məqamları özündə ehtiva etsə də soyqrımı aktının dünya birliyinə çatdırılması istiqamətində çox mühüm əyani sübutdur. Məhz bu məqsədlə Prezident cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Quba şəhərində inşa edilən memorial kompleks 2013-cü il sentyabrın 18-də açıldı. Bu tarixi qərar və inşa edilmiş kompleks bəşər tarixinin ən qanlı hadisələrindən birinin dünyaya çatdırılması istiqamətində ciddi addımdır. Əlbəttə, bu kompleksdə sərgilənən faktları görmək ağır olsa da həqiqətləri olduğu kimi demək lazımdır. Qubada aşkarlanan kütləvi məzarlıqda 500 insan kəlləsinin 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus olduğu və onların soyqırımı ərəfəsində öldürüldükləri sübuta yetirilmişdir. İnsanlar dünyadan köçsələr də qan yaddaşları hər zaman yaşayır. Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda həmçinin, Naxçıvanda da eyni qayda və ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Naxçıvan əhalisi özü ermənilərə müqavimət göstərir, hətta erməni ordularını məğlub edirdilər. Ancaq bununla birlikdə, ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçmədi.
Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımda Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər erməni cəlladlarının başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazmışdır. O, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmiş və Araz çayına tökmüşdü. Naxçıvanın bir çox rayon və kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.
Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirilib.
Arxiv materiallarında yuxarıda adları çəkilən erməni komitəçilərinin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1920-ci illər arasında Naxçıvanda 73 min 727 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib.
Xalqımıza qarşı törədilmiş soyqırımlar bizim qan yaddaşımızdır. Təxminən 74 il sonra, 1992 – ci ildə Xocalıda xalqımızın tarixinə növbəti soyqırımı müsibətini yazan mənfurlar bütün dünyaya sanki meydan oxuyurdular. Təəssüflər olsun ki, müasir dünyada ədalət güclünün yanındadır. Əgər güclüsənsə, ədalətlisən prinsipi vicdanlı insanlar tərəfindən qəbul olunmasa da tarixi hadisələr sübut etmişdir ki, bu həqiqətdir. Biz öz gücümüzü toplayaraq məğlub xalq ayamasını öz üzərimizdən atmış və yalnız torpaqlarımızı işğaldan azad etməmişik, eyni zamanda da əsrlər boyu davam edən erməni şovinizminin başını əzmiş, “böyük Ermənistan” mifini darmadağın etmişik.
Tarixin ən böyük ədalətsizliyi ermənilərlə qonşuluğumuzdur. Daim bizə qarşı ərazi iddiası irəli sürən mənfurlar fürsət düşdükçə bunu reallaşdırmağa, ərazilərimizi qoparmağa, soyqırımlar törətməyə çalışırlar. Bunun üçün tarixin bu acı səhifələrindən dərs çıxarıb, gənc nəslin vətənpərvər, toprağına, elinə bağlı şəkildə yetişməsinə çalışmalıyıq. Dövlət başçısınında qeyd etdiyi kimi, bu gün yetişən gənc nəsil I Qarabağ müharibəsindən sonra, torpaqlarımızın işğalı dövründə yetişmiş, heç vaxt görmədikləri torpağa məhəbbət ruhunda formalaşıblar. Bundan sonra da gələcək strategiya bu istiqamətdə qurulmalı, yeniyetmə və gənclərlə aparılan ideoloji-maarifləndirici siyasətin ana xəttini təşkil etməlidir. Bölgədə formalaşan, təsir qüvvəti daha da artan Azərbaycan-Türkiyə qardaşlığı ermənilərin və onların havadarlarının siyasəti önündə ən dayanıqlı və etibarlı siyasətdir. Azərbaycan dünyada sülhün, əməkdaşlığın, tolerantlığın və qadaşlığın carçısıdır.
Artıq 26 ildir ki, 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Cənab Prezidentin işğaldan azad olunan ərazilərdə açıq hava müzeylərinin və işğal memorial komplekslərinin yaradılması təşəbbüsü də məhz bu amillə bağlıdır. Əlbəttə, sülh müqaviləsi olacaq və buna biz dəmir yumruq ilə nail olacağıq. Lakin heç vaxt nə 31 mart soyqırımını, nə Xocalı soyqırımını, nə də başımıza gətirilən digər müsibətləri unutmayacağıq!
Mirməcid Seyidov
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini,
Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri