Türkiyəli müəllim: Xocalı soyqırımı ilə bağlı heykəl düzəltmək mənəvi borcum idi - FOTOLAR
Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində sərgilənən Xocalı soyqırımı heykəli ziyarətçilərdə böyük maraq doğurur. Universitetin müəllimi Rüçhan Keçeci tərəfindən 2500 metal parçasından hazırlanan heykəl “Körpənin səssiz fəryadı” adlanır.
NUHÇIXAN-ın məlumatına görə, Rüçhan Keçeci AZƏRTAC-a açıqlamasında bildirib ki, bu abidəni düzəltməkdə məqsədi qeyri-adi bir sənət işi ilə diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımına yönəltməkdir. Bu nadir əl işində Xocalı soyqırımı zamanı süngü ilə kürəyindən vurulan günahsız azərbaycanlı qadının həyat dramı nümayiş etdirilir. Müəllif qeyd edib ki, layihəni həyata keçirərkən Xocalı soyqırımının dəhşətləri hər an gözləri önündə canlanıb.
Planları barədə danışan Rüçhan Keçeci deyib: “Bir neçə ildir ki, əl işlərimi Türkiyənin ayrı-ayrı şəhərlərində təşkil olunan sərgilərdə nümayiş etdirirəm. Növbəti sərgidə Xocalı soyqırımını əks etdirən heykəl də nümayişə çıxarılacaq. Bundan başqa, ən yaxın zamanlarda əl işlərimdən ibarət muzey qurmaq niyyətindəyəm. Şübhə etmirəm ki, dəmir qırıntılarının dili ilə ifadə etdiyim Xocalı soyqırımı heykəli bu muzeyin ən cəlbedici eksponatı olacaq”.
Heykəltəraş “bu abidəni hansı hisslərlə düzəltdiniz” sualını belə cavablandırıb: “Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “biz bir millət, iki dövlətik” kəlamları nəsillərə örnəkdir. Azərbaycana səfərlərimizin birində Qubadakı Soyqırımı Memorial Kompleksini ziyarət etdik. Orada gördüyüm dəhşətli mənzərə məni qəlbən çox incitdi. Keçirdiyim acı hisslər çoxdan bəri Xocalı soyqırımı ilə bağlı görmək istədiyim bu işə təkan verdi. Bir sözlə, bu abidəni ortaya çıxarmaq Azərbaycanın təəssübünü çəkən türkiyəli olaraq “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına dəstək məqsədilə mənim mənəvi borcum idi”.