Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Report”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırılarkən bildirilib.
"Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir", - diplomatik missiyadan bildirilib.
Bundan əlavə, qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.