Şanlı tarix: bir sözlə, qaytarılan 4 kənd

A- A A+

Yaxın Şərqin və postsovet ölkələrinin siyasi tarixində son 200 ilə yaxın bir dövrdə görülməmiş bir hadisənin reallığa çevrilməsi – vaxtından əvvəl sülhməramlıların çıxarılması, istərsə də 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın şanlı tarixi və bu tarixin müəllifi Prezident cənab İlham Əliyevin kifayət qədər artan nüfuzunun və siyasi lider kimi qəbul olunmasının göstəricisidir.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair açıqlama, 4 qeyri-anklav kəndin qaytarılması, 200 ildən artıq bir dövrdə itirilən Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan cənab İlham Əliyevin xalqa növbəti hədiyyəsi və ərməğanı oldu.

Qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Prezident cənab İlham Əliyev qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Bütün tribunalardan ölkəmiz birmənalı şəkildə bəyan və xəbərdarlıq edirdi ki, Ermənistan davamlı sülh istəyirsə, öz gələcəyini düşünürsə, bəzi dövlətlərin köləsi olaraq yaşamaq istəmirsə işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır, Azərbaycan torpaqlarının bir qarışının belə işğal altında qalmasına imkan verməyəcək. Və belə də oldu, ölkəmizin ermənipərəst dairələrin məkrli niyyətlərinə rəğmən həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət əlamətdar tarixi günləri yaşamağı bizə nəsib etdi. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə razılıq əldə olundu. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin sovet ittifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanis Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırdılar. Beləliklə, 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra Azərbaycan lideri bu dəfə də bir güllə belə atmadan 4 qeyri-anklav kəndi işğaldan azad etdi. Nəticədə, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addım oldu. Delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə baş verdi.

Azərbaycan və Ermənistan arasında Qazax rayonu ərazisində sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində bu ilin aprelin 19-da başlayan proses bu gün uğurla başa çatdı. Bu gündən həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.

Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Sovet ittifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır. Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması isə Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır.

Delimitasiya üzrə komissiyaların əldə etdiyi razılaşmanın icrası təkcə iki ölkə deyil, ümumilikdə, Cənubi Qafqazın tarixində yeni səhifə açır, iki ölkə arasında etimad mühiti yaradır. Eyni zamanda rəsmi Bakının sülh danışıqlarını və delimitasiya ilə bağlı prosesi vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effektivliyini sübut edir.

Hələ bu ilin yanvarında yerli televiziya kanallarına müsahibə verən dövlət başçısı Qazaxın anklav və qeyri-anklav 8 kəndi ilə bağlı mövqeyini açıq ortaya qoymuş, “O kəndlər ki anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”, – demişdi. Göründüyü kimi, Prezidentin müsahibəsində dedikləri çox qısa zamanda reallığa çevrildi və Qazaxın qeyri-anklav 4 kəndi Azərbaycana qaytarıldı. Yaxın vaxtlarda Azərbaycanla Ermənistanın delimitasiya komissiyalarının işini şərti sərhədin digər istiqamətlərində davam etdirəcəyi və Azərbaycanın anklav kəndləri ilə bağlı da bu günə qədər olduğu kimi, ədalətli həll yolu tapacağı şübhəsizdir.

Ümid etmək olar ki, Ermənistanın bu konstruktivliyi Azərbaycanla imzalanacaq sülh müqaviləsinə və şərti sərhədin digər istiqamətlərində aparılacaq delimitasiya və demarkasiya işlərinə öz töhfələrini verəcək. Bu kontekstdə Ermənistan hökumətinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi – Zəngəzur dəhlizinin açılması, eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəaları Konstitusiyasından çıxarması qarşıdakı qısa zamanda gerçəkləşməsi görünən reallıqdır.

Şübhəsiz ki, Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə əldə etdiyi zəfərin davamıdır.

Prezident cənab İlham Əliyevin ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı seçimdir. Çünki cənab İlham Əliyev tərəfindən konkret irəli sürülmüş tələblər tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını müəyyənləşdirməyə xidmət edir.

Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədlərə nail ola bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı bütün proseslərdə, ən son 4 qeyri-anklav kəndin qaytarılmaqla 12,7 km uzunluğunda sərhəd xəttinin müəyyən edilməsi Prezident cənab İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür.

Arzu ABDULLAYEV

Naxçıvan Dövlət Universitetinin prorektoru,

Tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: