“Haber Global”: SOCAR-ın Türkiyədəki ofisinə hücum Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir - VİDEO
SOCAR ilə İsrail arasında əlaqə var imiş kimi göstərərək şirkətin Türkiyədəki ofisinə hücum etmək Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalında yayımlanan proqramda türkiyəli professor və politoloqlar SOCAR-ın Türkiyədəki ofisinə hücumu şərh edərkən deyiblər.
Proqramda bildirib ki, SOCAR-ın Türkiyədəki binasına hücumun əsas məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaqdır:
“İkinci məsələ də odur ki, SOCAR bir dünya markasıdır. Bu, Azərbaycanın dünyada tanınan bir şirkətini ləkləməyi hədəf almış kampaniyadır. Planın arxasında dünyanın enerji lobbiləri dayanıb və SOCAR qəsdən hədəf olaraq seçilib”, - verilişdə deyilir.
Proqramda vurğulanıb ki, SOCAR-a hücum edənlər iddia qaldırırlar ki, şirkət Türkiyə üzərindən İsrailə neft ixrac edir: “Biz insanların Qəzza məsələsinə nə qədər həssas yanaşdıqlarını bilirik, həmçinin istənilən Türkiyə vətəndaşından Azərbaycanın onlar üçün nə kəsb etdiyini soruşsaq, “candır” deyəcəklər. Şirkətə hücum edənlərin cibinə kimsə 3-5 dollar pul qoyub. SOCAR ilə İsrail arasında əlaqə var imiş kimi göstərərək şirkətin Türkiyədəki ofisinə hücum Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir”.
Verilişdə qeyd olunub ki, onların İsrailə dəstək verməkdə günahlandırdıqları şirkətin məxsus olduğu ölkənin prezidenti hələ İsrail-Qəzza toqquşmasından əvvəl müstəqil Fələstin dövlətinin qurulmalı olduğunu bəyan edib.
“Bu gənclərə məsləhət görürük ki, internetdə İsrailin əməkdaşlıq etdiyi dövlətlər barədə araşdırsınlar. Dəfələrlə ABŞ ilə İsrail arasında enerji sahəsində əməkdaşlıq ilə bağlı planlar həyata keçirilib. Görəsən, bu şəxsləri niyə ABŞ səfirliyinin qarşısında görmürük? Almaniya da son beş ildə İsraillə enerji sahəsində iki anlaşma imzalayıb. Bu sayı artırmaq da olar, burada Fransa, İtaliya və bir çox dünya miqyaslı qərb şirkətlərinin adlarını çəkmək olar. Biz bu şəxsləri həmin şirkətlərin Türkiyədəki təmsilçilərinin qarşısında görmək istəyərik”.
Veriliş iştirakçıları bildiriblər ki, Azərbaycanın dövlət şirkəti olan SOCAR onların gedə biləcəkləri son yerdir, amma heç getməməli olduqları yerə ilk gediblər: “Bunun Fələstinlə heç bir əlaqəsi yoxdur. Prezident İlham Əliyevin və Azərbaycan xalqının bu məsələdə ilk gündən bəri hansı tərəfdə olduqlarını yaxşı bilirik. Demokratik aksiya təşkil edən şəxslər heç vaxt üzünü gizlətməz. Onlar isə üz-gözlərini bağlayaraq təxribat törədirlər. Bunun arxasında kimlərin olduğu da məlum məsələdir. Məsləhət görürük ki, kimsə təxribata uyaraq Azərbaycana qarşı iğtişaşlarda istifadə olunmasınlar”.