9 iyun müstəqil Azərbaycan tarixində “Böyük Qayıdış” günüdür

A- A A+

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.

Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətindən sonra ikinci dəfə əldə etdiyimiz müstəqilliyi 1993-cü ildə əldən vermək üzrə idik. Düşmənlərimiz tərəfindən planlanan budəfəki çevriliş isə xalqımıza, millətimizə qaçılmaz acı sonluq vəd edirdi. Belə bir vəziyyətdə ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqın, ziyalıların və millətin Heydər Əliyevə üz tutması qaçılmaz oldu. Çünki ölkədə başlamış qruplaşmanın, Gəncədəki qardaş qırğınının, başıpozuq hərbi silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız o ala bilərdi. Ümummilli Lider Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə iztirablara məruz qalan xalqın çıxış yolu deyil, həm də hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi. Böyük xilaskarın iyunun 9-da Bakıya gəlişi xalqda sönən arzuları, diləkləri yenidən oyatdı. O, parlamentə sədr seçilməzdən əvvəl Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü. Görkəmli dövlət xadiminin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaradaraq elə oradaca xalqın qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi Azərbaycanın ən yeni tarixindən bu günə qədər davam edən uğura mayak oldu, yol açdı. Ulu Öndər o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

 Ölkə ziyalıları dövlətin başında görmək istədikləri yeganə insanın məhz görkəmli dövlət xadimi Heydər Əliyev olduğunu bu şəkildə yazırdılar: “Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”. Həmin dönəmdə ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərini bir amal, bir qayə, bir şüar birləşdirirdi. Bunların başında isə “91-lər”in Heydər Əliyevə məşhur müraciəti dururdu: “Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa, Azərbaycan xilas ola bilməyəcək”. Sadə insanlar “Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır”. Təbii ki, bütün bunlar böyük Qurtuluşdan sonrakı gələcək dönəmdə öz əksini tapdı. Bütün tarixçilər və siyasətçilər həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atdığını və haqlı olaraq həmin addımların qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər.

Xalqın çağırışına biganə qalmayaraq 1993-cü il iyunun 9-da Binə Hava Limanında xilaskarı qarşılamaq üçün toplaşmış izdihamın başları üzərinə qaldırdığı plakatda bu sözlər yazılmışdı: "Heydər baba, xalqı bu bəladan qurtar!" Bu, həqiqətən, tarixi bir qayıdış idi. Nicatın və qurtuluşun, asayişin və təhlükəsizliyinin qarantının qayıdışı idi. Bu qayıdış mənəm-mənəmlikdən sabitliyə gedən yolun başlanğıcını qoyan bir qayıdış idi. Bu qayıdış uzağ hədəflərə hesablanmış qayıdışın ilk cücərtiləri idi ki, nəticəsi 27 il sonra ərazi bütövlüyümüzü təmin edən onun sadiq davamçısı Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı ilə tamamlandı.

Çox sonralar "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi: "...Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan Prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim".

 Bəli, bu qərar göründüyü kimi, asan və ani veriləcək qərar deyildi. Bu təklifi qəbul edib bacarmaq isə təkcə Heydər Əliyev kimi şəxsiyyətə xas xüsusiyyət idi. Yalnız o Vətən, xalq naminə bu fədakarlığa hazır ola, bu addımı ata bilərdi.

O öz həyat hekayəsində tam obyektiv olmağa çalışıb. Ona görə də belə bir dahi şəxsiyyətin həyatında Günəş kimi doğmaq və heç zaman qürub etməmək baş verib. Dönüklük, xəyanətkarlıq, tənələr, təqiblər və böhtanlara baxmayaraq, siyasi yüksəliş, yüksək əzm və iradə göstərmək, sadəcə, Heydər Əlirza oğlu Əliyev zirvəsinə xas və müyəssər oldu.

Bu gün biz xoşbəxtik, firvanıq və rifah halında yaşayırıq. Bunu Ümummilli Lider Heydər Əliyevə və onun varisi Müzəffər Ali Baş Komandana borcluyuq. “Mən Ona özüm qədər inanıram” ,– deyən Heydər Əliyevin siyasi amallarına sahib çıxan Prezident cənab İlham Əliyev 2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı işğal olunmuş bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımızı dalğalandırdı. Ali Baş Komandan 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib Azərbaycan həqiqətlərini dünyaya çatdıran müsahibəsində deyirdi: “…Siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddət sonra siz o yerləri bərpa edilən yerlər kimi görəcəksiniz”. Bəli, belə də oldu. Erməni işğalçılarından şəhidlərimizin qanı bahasına alınmış torpaqlarımızda artıq həyat öz axarı ilə davam edir, şəhərlər salınır, məktəblər tikilir, yollar çəkilir, yerli və xarici qonaqlar qarşılanır, həqiqət olduğu kimi onlara göstərilir. Bu həmin yola sadiqliyin ən ali göstəricisidir. Ümummilli Liderin başlatdığı qayıdış missiyasını Prezident cənab İlham Əliyev bütöv Azərbaycan torpaqlarına qayıdışla tamamladı.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: