“Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi olub - FOTOLAR

A- A A+

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHIÇIXAN-a verilən məlumata görə, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev məzunları leytenant hərbi rütbəsinə layiq görülmələri münasibətilə müdafiə naziri və öz adından təbrik edib.

Gənc zabitlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik K.Vəliyev onlara seçdikləri şərəfli yolda xidmətlərini nizamnamələrin tələblərinə uyğun qurmağı, ədalətli olmağı, Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərindəki şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmalarını tövsiyə edib.

Baş Qərargah rəisi “Zabit ixtisas hazırlığı kursu”nu yüksək balla bitirən ilk üç dinləyiciyə leytenant rütbəsi və sertifikat təqdim edib.

Daha sonra Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov gənc leytenantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Gənc zabitlər adından çıxış edən leytenant İbrahim Əliyev kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.

Sonra “Zabit ixtisas hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: