Dünənin, bugünün və sabahın nicat yolu

A- A A+

15 iyun...İsti bir yay günü. Havanın hərarəti 40 dərəcəyə yaxınlaşır. Lakin bir soyuq var ki, 40 dərəcə isti olsa da, damarda qan dondurur. Təlatümlü günlərin  fəryadı qara dumantək asimana qalxır, fəqət qızmar istidən kül olub yerə səpələnirdi. Bütün ümidlər tükənmişdi. Gah ölüm səssizliyi, gah da qulaqları kar edən müzakirələr, pıçı-pıçılar bir-birini əvəz edirdi. İşıqlı günlər şam kimi əriyirdi. Qaranlıq gecələr uzun, sabahlar qısa idi. Bəlkə də, sabahlar bir daha olmayacaqdı. Gələcək isə gəlməyəcək kimi görsənirdi. Sanki külək öz fısıltısıyla nə isə pıçıldayırdı...Xoşbəxtik, firvanıq, rifah.  Ah! necə də cəzb edici sözlərdi. Hər dəfə qulaqda əks-səda verən bu sözlər. Bu sözlər axı leksikonumuzda unudulmuşdu. Bəlkə də yenidən qayıdırdı...

Gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu bütün xalqın ürəyinin səsi idi.

“Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”. 

“91-lər”in Heydər Əliyevə məşhur müraciəti: “Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa, Azərbaycan xilas ola bilməyəcək”. Sadə insanlar “Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır”.

“91-lər”in müraciətinin hər cümləsində Azərbaycan xalqının fəryadı, harayı var idi.

Əlbəttə ki, bu haray xalqın XİLASKAR missiyasını üzərinə götürə biləcək başqa şəxs ola bilməzdi.

Və o qayıtdı!!!

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 

Tarimar olmuş bir məmləkəti yenidən quraraq.

Xalqın köksünə saplanmış xəncəri çıxararaq.

Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi, əslində, hakimiyyətdən daha çox xalqın başına el ağsaqqalı kimi gəlməsi idi. Heydər Əliyev xalqdan biri idi. Xalq  dərdinə dərman olmağı, xalqla ağlayıb, xalqla  gülən fenomen şəxsiyyət idi. Təbii ki, bu amillər xalq tərəfindən rəğbətlə qarşılanmaya bilməzdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” , – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Məşhur Şərqinin sözlərində deyildiyi kimi:

“Sən elə bir zirvəsən küləklər neyləyəcək...

...Nə qədər bu millət var, nə qədər Azərbaycan var xalq Heydər söyləyəcək”.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına “Milli Qurtuluş Günü” kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident  İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Heç şübhəsiz ki, Heydər Əliyev dühasını Azərbaycan xalqına Azərbaycan torpaqlarını qarış-qarış birləşdirən, Səfəvilərdən sonra ilk dəfə torpaq azad edən  Müzəffər Ali Baş Komandan yetirdi.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident  İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Son illər Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir.

Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var.

Daş üstə daş qalmayan Qarabağ artıq cənnətməkana çevrilir. Viran qalmış kəndlərimiz şəhərlərimiz abadlaşır, Koroğlunun telli sazı, Aşıqların nəğməsi elimizə, obamıza yenidən qayıdır.

Məhəbbət Kazımovun “Laçınım mənim” şərqisi qoca şərqin köksündən, fəryad zümzüməsindən sevinc gözyaşlarına çevrilir.

Bütün bunlar onu deməyə əsas verir ki, xalqımızın dünən, bu gün və sabahkı nicat yolu Heydər Əliyev yoludur və Heydər Əliyev bu yolda əbədi məşəl və əbədi mayakdır.

 

Atilla Öztürk – AISEDA İctimai Birliyinin həmtəsisçisi,

Naxçıvan Dövlət Universitetinin baş hüquqşünası və

Hüquq fənləri kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: