20 Yanvar faciəsi Monteneqronun xəbər portallarında işıqlandırılıb - FOTOLAR
Monteneqronun ən çox oxunulan volimpodgoricu.me və dijaspora.news xəbər portallarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib.
NUHÇIXAN xəbər verir ki, məqalələrdə 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, qəhrəmanlığından bəhs edilib. Bu faciənin xalqımızın iradəsini qırıb milli mənliyini məhv etmək məqsədilə törədilmiş qanlı terror aktı olduğu vurğulanıb.
Qeyd olunub ki, həmin gecə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Nəticədə 147 nəfər vəhşicəsinə qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
Məqalələrdə 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu da xüsusi vurğulanıb.