Türkiyəli ekspert: Qarabağ Bəyannaməsi TDT-nin artan nüfuzunun təzahürüdür

A- A A+

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü regional sülh və əməkdaşlıq baxımından tarixi əhəmiyyət kəsb edir və bu amil yekun Qarabağ Bəyannaməsində öz əksini tapıb.

NUHÇIXAN xəbər verir ki, bu fikri Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) Ankara İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Ali Oğuz Diriöz “Independent Türkçe” nəşrində dərc olunan “TDT-nin artan rolu” sərlövhəli məqaləsində bildirib.

Ekspert Qarabağ Bəyannaməsini Mərkəzi Avropadan Çin sərhədinə qədər geniş ərazidə dövlətlərin gələcək inkişafı üçün konsepsiya adlandırıb. “Bu sənəd türk ölkələrinin Şərqlə Qərbi birləşdirən Orta Dəhliz marşrutu üzrə əməkdaşlıq, həmrəylik, sülh və sabitliyə töhfə, mütərəqqi sosial-iqtisadi inkişaf əzmini əks etdirir”, -deyə məqalə müəllifi qeyd edir.

Ali Oğuz Diriöz təşkilata üzv ölkələrin “Gücümüz birlikdədir” prinsipinə sadiqliyinə əsaslanan fəaliyyəti sayəsində TDT-nin artan nüfuzuna diqqət çəkib. “Qarabağ Bəyannaməsi həm də ortaq mədəni irsə malik dövlətlərin qarşılıqlı fəaliyyət və həmrəyliyin dərinləşdirilməsi siqnalıdır. Bu cür əməkdaşlıq təkcə siyasi və mədəni müstəvidə deyil, həm də texnologiya, elm, nəqliyyat, logistika və enerji sahələrində perspektivlidir”, -deyə ekspert vurğulayır.

Diriöz TDT ölkələri liderlərinin imzaladığı Bəyannaməni siyasi və iqtisadi qeyri-sabitlik və müharibələr fonunda Türk Dövlətləri Təşkilatının artan təsirinin göstəricisi adlandırıb. TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti əmin olduğunu bildirib ki, regionda sabitliyin və sülhün bərpası məsələləri tezliklə mühüm beynəlxalq dialoq platforması kimi TDT çərçivəsində müzakirə olunacaq.

Türkiyəli ekspert əmindir ki, TDT həm də NATO, İƏİT və Aİ kimi strukturlarla bərabər olmaq üçün Şərq və Qərb arasında münasibətləri tarazlaşdırmaq üzrə hər cür şansa malik perspektivli platformadır.

Ekspert Zəngəzur dəhlizi ideyasının həyata keçirilməsinin vacibliyini də qeyd edib. Onun fikrincə, bu, təkcə Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə töhfə verməyəcək, həm də Türkiyə, Ermənistan və Azərbaycan arasında “sülh dəhlizinə” çevriləcək. “Cənubi Qafqazın iki ölkəsi bu fürsətdən istifadə etməlidir. Alternativ ticarət yolları bütövlükdə regionun inkişafına güclü təkan vermək potensialına malikdir”, -deyə məqalədə qeyd edilir.

Məqalədə bu gün Türkiyədə tətbiq olunan, TDT-ə üzv digər ölkələrdə əsas götürülə bilən və bununla da bənzər tərəfdaşlıq sistemi yarada bilən ciddi Aİ standartlarına diqqət yetirilir. Ekspert vurğulayıb: “Bütün bunlar daha çox sayda xarici investorun diqqətini TDT-nin ortaq bazarına cəlb edəcək, türk ölkələrinin sahibkarları ilə ABŞ, Avropa, Yaponiya, Koreya və digər dövlətlərin aparıcı şirkətləri arasında əməkdaşlığa yol açacaq”.

Məqalənin müəllifi türk dövlətləri arasında yeni körpülərin qurulmasında universitetlərin roluna da diqqət çəkir. O, Avropa İttifaqı tərəfindən uğurla həyata keçirilən “Ersamus” proqramına bənzər türk dövlətlərinin ali təhsil müəssisələrinin də əməkdaşlıq platformasının yaradılması ideyasını perspektivli adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: