14 iyul zirvəsi

A- A A+

Ötən əsrin 60-cı illərinin sonuna doğru Azərbaycan iqtisadiyyatının bir çox sahələrində mənfi meyillər baş qaldırdığından böhranlı vəziyyət yaranmışdı. İstehsal ləngiyir, kənd təsərrüfatı və sənaye ciddi şəkildə tənəzzül edirdi. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşuna görə 1,7 dəfə geridə idi.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

     Ölkənin idarə olunmasında ciddi dəyişikliklərə ehtiyac var idi, kənd təsərrüfatı, sənaye, neft hasilatı yenidən canlandırılmalı insanlarda sabaha ümid yaradılmalı idi. Ümidsizlik əhalini daha da çətin vəziyyətə aparırdı.

Həmin dövrün araşdırmacıları Azərbaycanı belə xatırlayır: “Azərbaycanda qohumbazlıq, rüşvətxorluq, pulla ələ alma, dövlət sənayesi ilə uğurlu rəqabət aparan gizli sənaye fantastik vüsət alıb”.

1966-cı ildə plenumların birində SSRİ-nin rəhbəri deyir: “Yəni respublikada sağlam düşüncəli, bacarıqlı təşkilatçı yoxdur ki, respublikanı ayağa qaldırsın?”

Azərbaycanın belə bir ağır vəziyyətində onu inkişafa aparacaq şəxsiyyət müəyyən olunur. Azərbaycan DTK sədri Heydər Əliyev KP Mərkəzi Komitəsinin birinci katibi seçilir. Onun isti ürəyi və aydın ağlı Azərbaycana rəhbər seçilərkən verdiyi sözləri addımbaaddım həyata keçirməyinə birbaşa təsir etməyə başlayır.

1969-cu ilin avqust ayının 5-də plenumunda Heydər Əliyev hazırkı vəziyyəti geniş tənqid edir və bu çıxış ölkənin dörd bir yanında, hətta sərhədlərdən kənarda belə əks səda doğurmağa başlayır.

 Həmin dövrdə isə bunu yalnız Heydər Əliyev kimi dəmir iradəli, böyük cəsarət və güclü ədalət hissinə malik bir adam edə bilərdi. Heç kəsin bacara bilmədiyi işin öhdəsindən o gəlmişdi. Plenumda o elə məsələlərə toxundu ki, əvvəllər bu barədə pıçıltı ilə yalnız mətbəxdə danışılırdı. SSRİ-nin bütün sahələrdəki bir çox rəhbər işçilərinin, necə deyərlər, həqiqətən, kürkünə birə düşmüşdü. Bu çıxış gələcək üçün proqram sənədi oldu, çünki orada hazırkı dövr dərindən təhlil edilməklə yanaşı, gələcək istiqamətlər də müəyyən edilmişdi.

Qısa müddət keçir və Ulu Öndər Heydər Əliyev böyük əzm və inadkarlıqla işləyərək Azərbaycanı düşdüyü durumdan çıxartmağa çalışır. 1970-ci ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti iki mühüm qərar qəbul edir: “Azərbaycan SSR-in kənd təsərrüfatının inkişafı haqqında” və “Azərbaycan SSR-in xalq təsərrüfatının inkişaf etdirilməsi haqqında”.

Bunlarla yanaşı, o, Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasını formalaşdırdı və hamı anladı ki, iqtisadiyyat çoxşaxəli olmalıdır, neftçıxarma sənayesinin üstünlüyü ilə məhdudlaşmamalıdır.

Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Milli gəlirin artım tempi üzrə beşillik plan dörd ilə tamamlanmışdır. 5 il ərzində planlaşdırılan 32 faizlik artım 44 faizə çatdırılmışdır. Sənaye və kənd təsərrüfatının artımı üzrə plan 4 il iki ay yarıma yerinə yetirilmişdir. Sənaye istehsalı nəzərdə tutulmuş 37 faiz əvəzinə, 47 faiz artmışdır. Kənd təsərrüfatının ümumi məhsulunun ortaillik həcmi də doqquzuncu beşilliklə müqayisədə plan üzrə 21 faizə qarşı 47 faiz artmışdır”.

     Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi olan Heydər Əliyev uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındaca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu sovet ittifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı.

1971-1975-ci illərdə respublikada əsaslı kapital qoyuluşu ötən beşilliklə müqayisədə 1,5 dəfədən çox artırılaraq 6 milyard 700 milyon manata yüksəldildi.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur”.

1970-1985-ci illərdə, bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan sovet ittifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişdi.

1979-cu ildə Bakıda “Azərbaycan SSRİ-nin xalq təsərrüfatı 50 ildə” sərgisi keçirilir və SSRİ baş katibi həmin sərgidə iştirak edir, baxış bitdikdən sonra isə fəxri qonaqlar kitabına belə yazır: “Gerilikdən tərəqqiyə, bəsit təsərrüfatdan yüksək inkişaf etmiş sosialist iqtisadiyyatına, feodal və kapitalizim əsarətindən azad və xoşbəxt həyata... Respublikanın xalq təsərrüfatı nailiyyətləri sərgisinin eksponatları bunu əyani və inandırıcı göstərir” .

1969-1982-ci illərdə ölkənin şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Qarabağın mərkəzə – Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün mühüm tədbirlər görüldü. Xankəndiyə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının və onun yorulmaz fəaliyyətinin, Vətən sevgisinin nəticəsi idi.

Ulu Öndər Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının yaradılması oldu. Ölkə iqtisadiyyatının sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi.

Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

Ulu Öndərin həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür-qoy etdiyi, dərindən ölçüb-biçdiyi və gələcəyə istiqamətlənən müdrik siyasətinin parlaq nəticəsi idi.

Dahi dövlət xadimi Heydər Əliyev Kreml rejiminin ağır təqibləri şəraitində Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytardı.

Ulu Öndər Heydər Əliyev söyləyirdi: “Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi, bu böyük iradə, böyük cəsarət tələb edirdi və mən bunu etdim”.

Azərbaycanın görkəmli sənət adamlarına–şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi.

 Bu uzaqgörən və çox cəsarətli addımları, həmin dövrdə Heydər Əliyevdən başqası ata bilməzdi.

Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, ilk dəfə olaraq 1972-ci ildə Azərbaycan və rus dillərində “Azərbaycan SSR xəritələri” adlı atlas nəşr etdirildi.

Həmin dönəmdə atılan addımların böyük tarixi əhəmiyyəti ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.

Ümummilli Lider Heydər Əliyev o zaman belə deyirdi: “Sovetlər ittifaqı rəhbərliyi ilə mən çox gərgin danışıqlar apardım və sübut etməyə çalışdım ki, biz dövlət dili Azərbaycan dilini öz Konstitusiyamıza yazmalıyıq və yazacayıq. Moskvada bir necə dəfə geniş müzakirələr oldu, müxtəlif fikirlər səsləndi. Fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır, ancaq biz buna nail olduq.

 1978-ci ildə Konstitusiyanı qəbul etdik. O Konstitusiyada yazılmışdır ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəliş mərhələsinə daxil olması demək idi. Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.

Ulu Öndər Heydər Əliyev söyləyirdi: “Məhz o illərdə – 70-ci illərdə, 80-ci illərdə Azərbaycanda maşınqayırmanın qabaqcıl sahələri, müasir sahələri inkişaf etdi. Biz yeni-yeni istehsal sahələri yaratdıq. Yeni zavodlar yaratdıq. Bunlar hamısı xalqımızın elmi-texniki səviyyəsini yüksəklərə qaldırdı”.

    Ulu Öndərimizin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdə, Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı da çox mühüm qərarlar qəbul edildi. Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanan “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” tarixi Qərar muxtar respublikanın inkişafında mühüm rol oynadı.

Görülmüş işlərin nəticəsi idi ki, 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı üç dəfə yüksəldi. Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artdı.

Prezident İlham Əliyev deyirdi: “Sovet dövründə – Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan sürətlə inkişaf edirdi. 1969-cu ildə O, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də sübut edir. 13 il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir və əgər sovet dövründə 80-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi”.

SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan Heydər Əliyev həmin dövrdə ölkənin iqtisadiyyatı ilə yanaşı, siyasi sabitliyi ilə də yaxından maraqlanırdı. Ermənilərin Naxçıvana və Dağlıq Qarabağa iddialarına qarşı ciddi mübarizə aparırdı. Təsadüfi deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrılı-acılı dövrü başladı.

1990-1993-cü illərdə Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu zaman əliyalın xalqın yanında böyük azərbaycanlı Heydər Əliyev dayanırdı. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma Naxçıvana gəldi və Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı.

Bu mərhələ milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik idi. Həmin dövrdə muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca boyuk cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi.

1993-cü ildə Azərbaycan xalqı və ölkəyə “rəhbərlik” edən qüvvələr dövlətçiliyimizi və müstəqilliyimizi qorumaq və xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. İyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gedişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.

Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Bu gün müasir, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, onun əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələri əhatə edən dinamik artım meyilləri regional və qlobal gücümüzün bir nümunəsi olaraq ortaya çıxır.

Ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün yaşadığımız regionda təkcə Azərbaycanda xarici dövlətlərin bir nəfər də olsun əsgəri və hərbi bazaları yoxdur. Azərbaycan suveren ərazilərinin sahibidir.

Vətənimiz Azərbaycan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan enerji daşıyıcıları ilə xarici bazarları fəth edir, inanılan tərəfdaş kimi öz mövqeyini qoruyur.

Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı proseslərdə Azərbaycan öz milli-mənəvi dəyərlərini, müstəqillik və suverenliyini qoruyaraq yeni sabahlara bir Günəş kimi şəfəq saçır.

Nicat Quliyev

Naxçıvan Televiziyasının baş redaktoru

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: