Naxçıvanda 15 iyul şəhidlərinin xatirəsi anılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan MR-nın rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərin ruhuna dualar oxunub.
Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu gün Türkiyə demokratik qələbəsinin səkkizinci ildönümünü qeyd edir. Bu mənfur çevriliş cəhdi türk millətinin qanunun aliliyinə və ölkənin demokratik təsisatlarına sadiqliyini nümayiş etdirən daha bir qəhrəmanlıq dastanı ilə nəticələnib. Vurğulanıb ki, 15 iyul gecəsi qardaş Azərbaycan bu xəyanəti qınayıb və Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə birgə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edib.
Sonda dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərə həsr olunmuş videoya baxış olub.