20 Yanvar Ümumxalq Hüzn Günüdür

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

A- A A+

Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür. Çünki yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirmişlər.

Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Silahsız, dinc əhaliyə qarşı keçirilən həmin qanlı əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostov vilayətlərindən səfərbərliyə alınmış erməni əsgər və zabitlər, orduda xidmət edən ermənilər daxil edilmişdi. Xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 3 istiqamətdə yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər etmişlər. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir.

“Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində Bakıda törədilmiş qırğının əsl mahiyyətini gizlədərək yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”

20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş qanlı cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir. Ulu öndər Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir:“Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.Unutmayaq ki, SSRİ hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ancaq ulu öndərimiz öz bəyanatında açıq şəkildə o zamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir.

Dahi rəhbər Heydər Əliyev Azərbaycan xalqının ən çətin anında Moskvadan doğma Vətəninə qayıdanda Azərbaycan çox ağır günlərini yaşayırdı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdikləri qanlı cinayətlər həmin gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərində erməni silahlı dəstələrinin fəallaşması ilə müşayiət olunurdu. Hadisələrin eyni vaxta təsadüf etməsi, erməni işğalçılarının doğma yurdumuza Sovet qoşunlarının köməyi ilə ardıcıl hücümlar etməsi  bunun qabaqcadan, məqsədyönlü şəkildə planlaşdırıldığını, ermənilərin mərkəzi hakimiyyət tərəfindən dəstəkləndiyini bir daha təsdiq edir. Lakin naxçıvanlılar öz doğma torpaqlarının müdafiəsinə qalxaraq ermənilərin planını puç etdi. Yanvarın 19-da Naxçıvanda 9 şəhid oldu, 30 nəfər yaralandı. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvan əhalisi düşmənlə mübarizə apararaq muxtar respublikanı işğal olunmaq təhlükəsindən qoruyub saxlaya bildi.

20 Yanvar faciəsinə ilk siyasi qiymət ulu öndərimiz tərəfindən Naxçıvanda verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli lideri­miz tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi.

Həmin sənəddə qərara alınmışıdır ki:

"1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suverən hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciəsinə Azərbaycan SSR Ali hakimiyyəti orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun. Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də milli matəm günü kimi qeyd edilsin".

1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.

Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyində təmsil olunanlar faciəyə siyasi qiymət vermək üçün heç bir əməli addım atmadılar. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə baş vermişdir. 

Bu gün ulu öndər Heydər Əliyevin siyasi yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, o cümlədən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin faicə zamanı əlil olanların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidenti­nin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları ilə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı daha da artırılmışdır. Ötən il isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının imzalanması isə bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Fərmana əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsinə başlanılıb. Bundan əlavə, ötən ilin sonlarında Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzillərin təqdim olunması bir daha onu göstərir ki, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.

1990-cı il 20 yanvar günü şəhidlərimizin qanı hədər axmadı. O qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. 20 Yanvar qürur və şərəf tariximizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır".

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: