"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - VİDEO
Qazaxıstanda keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi başa çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Tacikistan hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib.
Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetiriblər. "Birləşdik - 2024" təlimində qarşıya qoyulan tapşırıqlar müasir döyüş üsulları nəzərə alınmaqla bütün qoşun növləri üzrə təlimə cəlb edilən şəxsi heyət tərəfindən yüksək peşəkarlıq və dəqiqliklə icra edilib.
Ssenariyə uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu qəzaya uğramış döyüş helikopterin şəxsi heyətinin döyüş sahəsindən təxliyəsini həyata keçirib. Təlimin taktiki epizodu başa çatdıqdan sonra beynəlxalq təlimə cəlb edilən döyüş texnikası və aviasiya vasitələrinin təntənəli keçidi olub. Daha sonra "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib. İştirakçı dövlətlərin hərbi rəhbərləri mərasimdə çıxış edərək ümumilikdə təlimin gedişatını, müasir döyüş texnikası və vasitələrindən təlim iştirakçılarının effektiv istifadə etmə bacarığını və hərbi qulluqçuların peşəkarlığını müsbət qiymətləndiriblər.
15 ölkənin hərbi ataşelik aparatının nümayəndələrinin də iştirak etdiyi təntənəli mərasimdə bir qrup hərbi qulluqçu medal və qiymətli hədiyyələrlə təltif edildikdən sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Sonda Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə Azərbaycanı təmsil edən şəxsi heyətlə görüşüb, beynəlxalq təlimdə yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edib.