Yanvarın 21-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputatlarımız sessiyada iştirak edirlər.
Sessiyanın ilk plenar iclasında qurumun prezidenti və vitse-prezidentləri seçiləcək.
İlk iclasda Avropa Şurası Nazirlər Komitəsinin sədri, Finlandiyanın xarici işlər naziri Timo Soini, AŞPA-nın baş katibi Torbyorn Yaqland çıxış edəcəklər. Sessiyanın üçüncü günü Finlandiya Prezidenti Sauli Niinistö Assambleyada çıxış edəcək.
Assambleyanın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğ etmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq. Avropa İnsan Hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə “Avropa Şurasının üzvü olan dövlətlər Qahirə bəyannaməsini imzalaya bilərmi?” sualı ətrafında polemika aparılacaq.
Milli Məclisin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.