Zəfərimiz həm də ölkəmizə qarşı yanlış narrativləri, saxta təsəvvürləri tarixin zibilliyinə atdı!

A- A A+

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb. Moderator Rebekka Maklaflin-İsthamın ünvanladığı suala - yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə, Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır? Cənab Prezident cavabında: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.

Bəli, təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və fərqli yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə kölgə salır. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın mövqeyində özünü göstərir. Zaman-zaman dünyanın müxtəlif yerlərində münaqişə ocaqları yaradan, qanlı müharibələrə rəvac verən bəlli xarici güclərin hədəflərindən biri də Cənubi Qafqazdır. Bu gün dünyanın fərqli nöqtələrində müharibə ocaqları yaradan xarici güclər hazırda Cənubi Qafqazda eyni qanlı ssenarinin planını qururlar. Bu gün Qərb mətbuatı insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur və dünyanın üçüncü ölkələrinə necə yaşamağı öyrətməyə çalışır. Lakin Qərbin hər hansı bir dövlətinin törətdiyi qanlı hadisələr barədə heç nə yazılmır. Qərbin demokratiya gətirdiyi Suriya, İraq, Liviya, Əfqanıstan və başqa dövlətlərin vəziyyəti göz qabağındadır. Demokratiya adı altında hərbi müdaxiləyə məruz qalan bu dövlətlərin iqtisadiyyatı və siyasi quruluşu dağıdıldı, əhalisi qaçqın düşdü, sərvətləri isə talan edilir. Bu gün ABŞ-ın Cənubi Qafqaz siyasətinin konturları da açıq ortaya çıxır. Amma bu maraqların sülh əleyhinə olduğu elə kənardan da görünür. Belə məlum olur ki, ABŞ, Cənubi Qafqaz regionunda gərginliyi artıraraq, yeni münaqişəyə səbəb olan hərbiləşmə yolunu tutub. Belə bir yol tutan ölkə isə sülhdən necə dəm vura bilər? açıq şəkildə görünən odur ki, ABŞ və Avropanın bəzi dövlətləri regionda, yəni Cənubi Qafqaz bölgəsində qətiyyən sülhü nəzərə almır və yalnız öz maraqlarını güdür.

Müasir dünyada yeni iqtisadi modellərin tətbiq edildiyi bir zamanda, Qərb müstəmləkəçilik siyasəti yürütməyə üstünlük verir ki, bu da təsadüfi xarakter daşımır. Müstəmləkəçilik tarixən Avropa siyasətinin ana xətti olub. Azsaylı xalqları istismar etmək, təsir altına saldığı ölkələrin təbii sərvətlərini talayıb varlanmaq Avropada ənənəvi iqtisadi model kimi qəbul edilib. Əslində, Qərbin rəsmi İrəvanın qeyri-konstruktiv və sülhdən qaçan siyasətini dəstəkləməsi, Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi heç də ermənilərə olan sevgidən irəli gəlmir. “Qoca qitə”ni Ermənistanı təsir altında saxlamaq, iqtisadi fayda əldə etmək, müstəqil siyasət yürüdən qonşularına bu vasitəsə ilə təzyiq etmək daha çox maraqlandırır. ABŞ Qarabağ işğal altında olduğu müddətdə buradakı oyuncaq separatçı rejimə hər il öz büdcəsindən maliyyə yardımı ayırırdı. Vaşinqtonun Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollarla vəsait ayırması, separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə imkan yaradılması faktdır. Təkcə bu faktlar ABŞ-ın Azərbaycana, beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə münasibətinin göstəricisi sayıla bilər.

İllərdi Qərb ölkələri, xüsusən də ABŞ öz ərazilərində qanunun icazə verdiyi çərçivələrdən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırırlar. Lakin xaricdə bu cür aksiyalardan söhbət gedəndə, Qərb və ABŞ etirazçılar tərəfindən zorakılığın təzahürlərinə baxmadan belə aksiyaları dəstəkləyirlər. İkili standartların nəticəsində biz 30 ilə yaxın etnik təmizləmənin, işğalın qurbanı olmuşuq.

Ölkəmizə qarşı illərdi aparılan qarayaxmalara, böhtana, feyk məlumatlara baxmayaraq bu gün Azərbaycan bölgədə yeni siyasi reallıqlar yaradıb, sülh, əməkdaşlıq və inkişaf istiqamətlərində irəli doğru inamla addımlayır. Azərbaycan lideri siyasi iradə nümayiş etdirərək dünyanın 30 ildə yarada bilmədiyi sülhü 2020-ci ildə 44 gün ərzində yaratdı. Çünki, Azərbaycan liderinin siyasəti yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulub. Azərbaycanın xarici siyasəti tam olaraq Prezidentin kreativ siyasi zəkasına əsaslanır. Bu reallıqdır ki, Avrasiya məkanında Azərbaycan lideri səviyyəsində geniş siyasi-diplomatik manevrlər fonunda yeni siyasi və geosiyasi təşəbbüslər irəli sürən liderə rast gəlinmir.

Amma qətiyyətli, prinsipial, düşünülmüş siyasəti ilə ən təhlükəli zamanlarda ölkəmizə qarşı bütün təhdidlərin qarşısını alan Prezident İlham Əliyev həmin təşkilatlardan daha demokratik, ədalətli, humanist, beynəlxalq hüquqa hörmətlə yanaşan siyasətçi olduğunu bütün dünyaya bəyan etdi.

Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün manelər dəf edilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı bütün proseslərə, ən son 4 qeyri-anklav kəndin qaytarılmasına da nəzər salsaq Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür.

Arzu Abdullayev

Naxçıvan Dövlət Universitetinin prorektoru,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: