Türkiyəli ekspert: Zəngəzur dəhlizi ilk fürsətdə açılması vacib olan sülh marşrutudur

A- A A+

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə təşkilata üzv və müşahidəçi ölkələrlə deyil, həm də Türk dünyasının maraqlarının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən dövlətlərlə əməkdaşlığa çalışmalıdır.

NUHÇIXAN xəbər verir ki, bu fikri TOBB-un Ankara İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Ali Oğuz Diriöz “Independent Türkçe” nəşrində dərc olunan “TDT əməkdaşlıq mexanizmlərini necə genişləndirə bilər?” sərlövhəli məqaləsində yazıb.

Ekspert nümunə kimi Türkiyə ilə digər TDT ölkələri arasında ticarət, logistika və nəqliyyat əlaqələrinin inkişafı kontekstində vacib olan Gürcüstanı göstərib. “TDT ölkələri ilə Gürcüstan, Tacikistan və Monqolustan kimi dost dövlətlər arasında qarşılıqlı əlaqənin xüsusi mexanizmlərini yaratmaq yollarını tapmaq lazımdır”, -deyə Ali Oğuz Diriöz qeyd edib.

Onun fikrincə, Azərbaycanla uzunmüddətli sülh sazişi bağlanarsa, Türk Dövlətləri Təşkilatı Ermənistanla da dialoq apara bilər: “Zəngəzur dəhlizi sülh marşrutudur və ilk fürsətdə açılmalıdır. Bu marşrutun açılması Türkiyə ilə Türk dünyasının digər ölkələri arasında tədarük kanalları baxımından mühüm alternativ təşkil edəcək və logistika xərclərini azaldacaq”.

O, Ermənistan və Azərbaycan liderlərinin 2023-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakını xatırladıb. “Bu, regionda sülh və əməkdaşlıq üçün mühüm fürsətdir və onu əldən vermək olmaz. Digər TDT ölkələri Cənubi Qafqazda uzunmüddətli sülh üçün səyləri təşviq etməlidir. Regional əməkdaşlıqdan təkcə Türkiyə və Azərbaycan deyil, Ermənistanın özü də böyük fayda əldə edəcək. İrəvan artıq TDT ilə əməkdaşlığın gələcək faydalarını dərk etməlidir”, -deyə ekspert vurğulayıb.

Türkiyəli ekspertin sözlərinə görə, TDT-nin strateji məqsədi mühüm qlobal ticarət arteriyası olan Orta Dəhlizi inkişaf etdirmək və onun təhlükəsizliyini təmin etməkdir. O əlavə edib: “TDT Şərq və Qərb arasında münasibətləri sabitləşdirəcək mühüm dialoq platformasına çevrilə bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: