Humanist dünya yaratmaq naminə Azərbaycan-Çin tərəfdaşlığı

A- A A+

Azərbaycan və Çin arasında dostluq körpüləri Ulu Öndər Heydər Əliyevin dönəmində qurulub. 1994-cü ilin martında Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı dövlətlərimiz arasında səkkiz müqavilə imzalanıb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Azərbaycanda İpək Yolunun bərpası və inkişafı ilə bağlı Bakıda keçirilən beynəlxalq forumda dünyanın 42 ölkəsinin nümayəndəsi və səkkiz dövlət başçısı iştirak edib. Beləliklə də, Azərbaycan Şərqin Qərblə birləşməsinə tam imkan verən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayıb. Sonrakı illərdə bu öhdəliyi 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev öz boynuna götürdü. 2015-ci ilin dekabrında “Azərbaycan ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanması ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıdı. Prezident İlham Əliyev Çinlə əlaqələr haqqında deyib: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstək¬ləyənlərdən biri kimi

Bu gün dünyanın söz sahiblərindən olan Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də Azərbaycanın maraqlarına tam cavab verir. Məhsulların birgə istehsalı, ümumi inkişaf və faydalılıq yaradan “Bir kəmər, bir yol” layihəsi bu yol ətrafında olan bütün dövlətlərin inteqrasiyasını təmin edir. Şərqi Çindən başlayıb Qərbi Avropanın son nöqtəsinə qədər uzanan bu marşrutu Azərbaycanın dəstəkləmək məqsədi bu yolun ölkəmizdən keçməsidir. Və inanırıq ki, gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə Xəzər dənizi üzərindən keçərək Qazaxıstan və Azərbaycanı birləşdirən Orta Dəhliz qurudan keçəcək. Həmçinin bu kəmər layihəsi qərb hegemonluğuna qarşı tarazlıq mövqeyini tutur. Hər kəs başa düşməlidir ki, hegemonluq yox, qarşılıqlı maraqlara hörmət etməlidir. Logistika imkanları nə qədər çox olarsa, iqtisadi əlaqələrdə bir o qədər inkişaf edər. Bu da bir növ inteqrasiya prosesini gücləndirərək daha çox ölkənin cəlbinə səbəb olar. Azərbaycan “Kəmər və yol” layihəsinə tam şəkildə daxil olub və onun ən fəal iştirakçılarından biridir. Çinlə Azərbaycanın maraq və baxışlarımızın üst-üstə düşməsi bizi bir-birimizə daha da yaxınlaşdırır. Buna görə də iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması Pekinin müasir xarici siyasət strategiyasına uyğundur. Bu gün Çin strateji tərəfdaşlıq, koordinasiya, əməkdaşlıq kontekstində fəal siyasət yürüdür. Bakı ilə Pekin arasında müxtəlif tərəfdaşlıq növlərinin mövcudluğu, münasibətlərin inkişafı, praqmatik faydaların gücləndirilməsi bu bağları daha da qırılmaz edir.

2022-ci ilin aprelindən Çin yük qatarlarını yeni marşrut üzrə – Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiya vasitəsilə tranzitlə Almaniyaya göndərməyə başladı. Bu əlaqələrin fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi getdikcə çoxalaraq Azərbaycanın bu layihədə rolunu daha da artırır. Son bir neçə ildir ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətinin artması dinamik müşahidə olunur.

Azərbaycan və Çin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində strateji tərəfdaşlığa dair Birgə Bəyannaməsində qeyd edilir ki, Bakı və Pekin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək, beynəlxalq məsələlərdə əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə qorumaq, birlikdə regional və qlobal sülh, sabitlik və inkişafa töhfə vermək fikrindədir. Bəyannamədə, həmçinin vurğulanır ki, Azərbaycan və Çin bir-birini prioritet və etibarlı tərəfdaşlar hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlərə dair siyasəti müstəqil şəkildə müəyyən edirlər. Çin 2013-cü ildə 21 milyard dollar həcmində dəyərləndirilən “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsinə start verdi və Azərbaycan bu layihəni dəstəkləməklə yanaşı, onun reallaşmasında aparıcı iştirakçıya çevrildi.

 Bu gün Çin qlobal iqtisadiyyatda əvəzolunmaz rol oynayaraq nəinki ümumi daxili məhsul istehsalının artımında, eləcə də yeni texnologiyaların inkişafında Avropanı geridə qoyub. 2019-cu il tarixlərdə Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə etdiyi səfər zamanı iki ölkə arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənəd imzalanıb. Bu sənədlər arasında Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması haqqında saziş xüsusi qeyd olunur. Buradan da görünür ki, rəsmi Pekin tranzit sahəsində Azərbaycanı ən yaxın tərəfdaşı hesab edir. Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı-Tbilisi–Qars (BTQ) dəmir yoluna malik olmasıdır. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Orta Dəhliz ərazidən keçən bütün dövlətlər üçün əhəmiyyətlidir. Dəhliz ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına və iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradır. Orta Dəhlizin tam işə düşməsi region dövlətlərinə iqtisadi gəlirlə yanaşı, həm də siyasi üstünlüklər qazandıracaq. Azərbaycan yeni İpək Yolunun mühüm halqası olmaqla bu layihənin uğurla həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Çin dünya iqtisadiyyatının yeni arxitekturasını yaradır

Çin dünyanın yüksək texnologiyanın tətbiq olunduğu rəqabətdə bütün ölkələri üstələyən ölkələrdəndir. Çin indi sifarişçilərin bütün istəklərini yerinə yetirmək qabiliyyətində olan nəhəng kainat fabrikidir. Planetin sakinlərinin az qala üçdə birini Çinin yüngül sənayesinin istehsalı geyindirir. Çin dünya iqtisadiyyatının, əslində, yeni arxitekturasını yaradıb. Son on ildə Si Cinpinin rəhbərliyi ilə ölkə sürətli iqtisadi və texnoloji inkişaf nümayiş etdirib. “Bir kəmər, bir yol” və “Güclü Çin 2025” strategiyası kimi son təşəbbüslər ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verib. Çin elmi və texnoloji tədqiqatlara və inkişafa fəal şəkildə sərmayə yatırır və süni intellekt, kvant texnologiyası və günəş panelləri sahəsində dünya liderinə çevrilib. Qlobal bazarda lider şirkətlərdən olan Çinin “Huawei” şirkəti Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində fəal iştirak edir. Ölkə rəhbərliyi sosial siyasət və ətraf mühit sahəsində mühüm islahatlar aparır. “Yaşıl infrastruktur” və “yaşıl enerji” kimi təşəbbüslər fəal şəkildə dəstəklənir. Ölkə rəhbəri Si Cinpin çıxşlarının birində deyirdi: “Biz yaşıl infrastruktur, yaşıl enerji və yaşıl nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirməyə hazırıq”. Çin dövlət başçısının sonuncu “Bir kəmər, bir yol” Forumunda çıxışı bu ölkənin sülh, tolerantlıq və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini bir daha önə çəkir. Çin bütün dünya xalqları ilə birgə rifah və inkişaf üçün fəal şəkildə çalışır və dünya miqyasında tərəfdaşlıq əlaqələrini gücləndirməkdə davam edir. Ölkə BKBY-də “yaşıl” investisiyalar prinsiplərinin həyata keçirilməsi çərçivəsində 2030-cu ilə qədər 10 min nəfər üçün nəzərdə tutulmuş tərəfdaş ölkələrdən mütəxəssislərin hazırlanması istiqamətində kurs təşkil etməyə hazırdır.

Azərbaycan və Çin sülh, dialoq və dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsiplərinə sadiqdirlər

Bu gün dünya liderləri arasında siyasi güc nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin qarşılıqlı hörmət və humanizm əsasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və diplomatik əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirlər. Prezident İlham Əliyev BKBY təşəbbüsünü ilk dəstəkləyənlərdən olub. Azərbaycan Prezidenti bütün sahələrdə, xüsusilə “yaşıl enerji” və nəqliyyat infrastrukturunun inkişafı sahəsində istənilən dövlətlə əməkdaşlığı təqdir edir. Bu səbəbdəndə Azərbaycan bu gün Cənubi Qafqazda həyata keçirilən bir çox qlobal beynəlxalq layihələrin təşəbbüskarı və öncülüdür. Hər iki lider humanist dünya yartamaq üçün birgə səy göstərir. Onlar sülh, dialoq və dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsiplərinə sadiqdirlər. Dünyanın 140-dan çox ölkə və regionunu əhatə edən “BKBY” dünya arenasında təkcə layihə yox, həm də qlobal təşəbbüsdür. İki il əvvəl Səmərqənddə Azərbaycan və Çin dövlət başçıları arasında baş tutan görüşdə Si Cinpin Azərbaycanla bağlı bəyanatlarında yüksək dostluq nümayiş etdirib. O xüsusilə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının yaradılmasının otuzuncu ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Si Cinpin Azərbaycan ilə Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bildirib.

32 illik sağlam və sabit dinamika artan templə davam edir

Azərbaycan həmişə vahid Çinin tərəfdarı olub, Çin Xalq Respublikası isə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 32 il keçsə də, sağlam və sabit inkişaf dinamikası qorunub saxlanılır. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Məlumatlara əsasən Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Azərbaycanda isə bu göstərici, təqribən, 2 dəfə artıqdır. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. “ACWA Power” şirkətinin “yaşıl enerji” ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi Azərbaycan-Çin əməkdaşlığının daha da intensivləşdirib. Beləliklə, Azərbaycanla Çin arasında münasibətlər bu gün “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Hazırda tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Çin Xalq Respublikasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət təqdirəlayiqdir. Tarixi İpək Yolundan başlanan bu münasibət, demək olar ki, bu gün bütün sahələrdə inkişaf edərək möhkəmlənir. 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Sammit zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. Ölkə başçısı Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə deyirdi: “Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”. Unutmaq olmaz ki, COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkə Çin idi. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artıb. Ötən il Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təşkil edib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon dollar olub. Beləliklə, Azərbaycana idxal olunmuş məhsulların 15,4 faizi Çinin payına düşüb və bu göstərici ilə Çin ikinci pillədə yer alıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr o cümlədən birgə əməkdaşlıq, icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da güclənib. Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Ölkələrimiz, həmçinin informasiya sahəsində də sıx əməkdaşlıq edir. 20 ildir, AZƏRTAC ilə Sinxua agentlikləri arasında gündəlik olaraq qarşılıqlı xəbər, foto və video mübadiləsi həyata keçilir. Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrdə uğurla inkişaf edir. 1995-ci ildə Pekində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin keçirilməsi, 2001-ci ildə Çinin Çücou şəhəri və Sumqayıt şəhərinin qardaşlaşması, 2008-ci ildə Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ildə isə Çində Azərbaycan Mədəniyyəti Günləri 2012-ci ildə isə Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq günü-gündən artmaqdadır. Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şair Nizami Gəncəvinin büstünün nümayişi isə bizlər üçün böyük qürur mənbəyidir. Bu gün açıq-aydın görünür ki, iqtisadi və mədəni əlaqələrin qurulmasında, həmçinin “Bir kəmər, bir yol” layihəsinin, eləcə də Orta Dəhliz strategiyasının həyata keçirilməsində Azərbaycan və Çin tərəfdaşlığı qovşaq və körpü rolunu oynayır.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: