Pakistanın “Morning Mail” qəzetində 20 Yanvar hadisələrinə həsr olunan “Azərbaycanın müstəqilliyinə gedən yol” adlı məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə sovet ordusu tərəfindən 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş 20 Yanvar qırğınının Azərbaycanın müasir tarixinin qanlı hadisələrindən biri olduğu vurğulanır. Bildirilir ki, ermənilərin etnik təmizləmə siyasətinə etiraz edən və azadlıq istəyən azərbaycanlılara qarşı sovet rəhbərliyinin törətdiyi qanlı qırğın nəticəsində qocalar, qadınlar, uşaqlar qəddarlıqla qətlə yetirilib. Qeyd edilir ki, 1990-cı ilin yanvar ayınadək Ermənistanda yaşayan bütün azərbaycanlıların öz yurdlarından qovulmasına baxmayaraq, Azərbaycanda yaşayan ermənilərin öz normal həyatına davam etdiyi bir vaxtda sovet rəhbərliyinin ermənipərəst siyasəti əhalinin qəzəbini getdikcə artırıb. Bu ədalətsizliyə qarşı çıxan minlərlə insan Bakı küçələrinə axışaraq öz etirazlarını bildirib, dinc etiraz aksiyaları keçirib, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov və onun əlaltıları isə qocalara, qadınlara, hətta uşaqlara aman verməyib, onlar gülləboran ediliblər. Nəticədə həmin gecə müxtəlif millətlərin nümayəndələri olan 147 nəfər öldürülüb, 841 nəfər yaralanıb. Lakin bu qırğın Azərbaycan xalqının iradəsini sındıra bilməyib, əksinə onun müstəqillik ideallarının daha da güclənməsinə təkan verib. Bir milyondan çox insanın iştirakı ilə şəhidlər Dağüstü parkda dəfn olunub. Sonra bu məkan Şəhidlər xiyabanı adını alıb.
Müəllif Azərbaycan Ali Sovetinin 1991-ci il oktyabrın 18-də “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edərək öz istiqlaliyyətini elan etdiyini, 1994-cü ildə isə Azərbaycan Respublikası Milli Məclisinin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verdiyini bildirir.
Məqalənin sonunda vurğulanır ki, müstəqilliyə gedən yolda Azərbaycanın ilk qurbanlarından olan 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulur, 20 Yanvarı “Şəhidlər günü” kimi qeyd edən Azərbaycan xalqı hər il Şəhidlər xiyabanını ziyarət edir. Bu il də harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd ediblər.