Azərbaycan Rusiya üçün hər zaman etibar olunan tərəfdaşdır

A- A A+

18 avqust tarixində Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gəldi. Xatırlatmaq istərdim ki, düz iki aya yaxın müddətdir ki, bu səfərin baş tutacağı bilinirdi. Bunu üçündə hər iki tərəf zəruri addımlar atırdı. Və 18 avqust 2024-cü il tarixdə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Vladimir Putinin Azərbaycana ilk səfəri baş tutdu.

Rusiya dünyanın aparıcı dövlətləri sırasında olmaqla yanaşı BMT TŞ nin 5 daimi üzvündən biridir. İki dövlət arasında əlaqələrin bütün sahələrini əhatə edən, 2022-ci ildə imzalanan və 43 bənddən ibarət olan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də qeyd edilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

İki ölkə arasında ticarət və energetika, sənaye və kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm və mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlıq hər iki tərəfdən səmərəli dövlət dəstəyi ilə güclənir. Neft ixracında ən böyük tərəfdaş olan Rusiya Azərbaycan üçün ən mühüm investorlardan və ən böyük ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Ərzaq və kənd təsərrüfatı xammalı, neft, metal və plastik məhsulları, ikitərəfli yükdaşımaları, eləcə də turist axını intensiv şəkildə artıb. 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib, 2024-cü ildə iki ölkə arasında bir çox yüksək səviyyəli görüşlər və səfərlər, əməkdaşlıq sazişləri və perspektivli razılaşmalarla yadda qalıb ki, bu da keçən illə nisbətən daha yüksək nəticə verəcəyinə böyük inam yaradır.

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq iki ölkə arasında böyük iqtisadi əhəmiyyətə malikdir. Rusiyaya öz mallarını Hind okeanı hövzəsinə qədər daşımaq imkanı yaradan bu dəhliz Azərbaycana da bu xəttə qoşulmaq imkan yaradır. Azərbaycan Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində kommunikasiyaların etibarlı bəndi rolunu öz üzərinə götürərək inam nümayiş etdirir. Avqustun 19-da mətbuata bəyanat zamanı dövlətimizin başçısı dəhlizin imkanlarının daha böyük olduğunu bildirərək deyib: “Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır”.

 Rəsmi Bakı həm Qərb, həm də Rusiya və İranla yaxşı əlaqələr saxlamağa çalışır. Azərbaycan həm BRİKS, ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlığı intensivləşdirir. Öz strateji tərəfdaşlarını özü seçən Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvlərindən biri olaraq, hərbi-siyasi platformalara qoşulmur.

Dünya ölkələri, əsasən də, inkişaf etmiş ölkələr yaxşı bilir ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə dost və mehriban qonşu münasibətlərinə həmişə diqqət edib. Avropa İttifaqı Rusiya qazının alınmasından tam imtina etdikdən sonra yaranan böyük boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa başladı. Və bu təklif ilk dəfə Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirildi.

Prezident İlham Əliyevin beynəlxalq arenada məharətli diplomatiyası sayəsində, Rusiya ilə qurulmuş düzgün münasibətlər Azərbaycanın bir sıra tarixi problemlərinin həllinə rəvac verdi. Rusiyanın uzun illərdən sonra Qafqaz ölkələri arasında bərabərlik işarəsi qoymasına nail oldu və Azərbaycan haqlı olduğu davadan qalib çıxdı.

Bəlkə də indi həm Rusiya həm Ukrayna öz tarixi əlaqələrini etibar etdiyi Azərbaycanla sülh masasına oturmağa hazırlaşır. Azərbaycana göstərilən bu etimad münaqişənin sülh yolu ilə həllində səmərəli amil ola bilər. Azərbaycan həmişə bölgədə sülhün, əmin-amanlığın qarantına çevrilən bir ölkə kimi artıq söz sahibidir. İndi Qərbin və şərqin düyün nöqtələrinin çözümü məhz paytaxt Bakıda öz həllini tapır. Rusiya və Azərbaycan çoxqütblü dünya quruculuğu prinsiplərinin qəti tərəfdarlarıdır. Hazırkı beynəlxalq gündəliyin bir çox məsələsində isə iki ölkənin mövqeyi demək olar ki, üst-üstə düşür. Azərbaycan Rusiya üçün hər zaman digər ölkələrlə müqayisədə ən proqnozlaşdırıla bilən və etibar olunan tərəfdaşdır. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi mühüm məsələdir və bu mövzuda Bakı ilə Moskva arasında heç bir problem yoxdur. Görünən odur ki, buzlar yavaş-yavaş əriyir, daşlar isə öz yerinə oturur.

Vladimir Putinin Azərbaycana tarixi səfərindən anlaşılan odur ki, iki ölkə arasında mütəffiqlik və strateji münasibətlərin inkişafı ən yüksək həddə qərarlaşıb. İqtisadi, siyasi, mədəni, humanitar sahələrlə yanaşı, enerji, yükdaşıma və logistika məsələlərinin də geniş tərkibli görüşün tərkib hissəsinə daxil edilməsi bütün sahələrin hərtərəfli inkişafına təkan verəcək. Azərbaycan və Ermənistan arasında sülh prosesinin, Cənubi Qafqaz regionunda stabilliyin təmin olunması və gərginliyin aradan qaldırılmasının vacibliyini nəzərə alsaq, düşünmək olar ki, masaya yatırılacaq məsələlər hələ çox olacaq. Etibarlı tərəfdaş masada olandan sonra danışılan və imzalanan bütün sənədlər etibarlıdır. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: