Türkiyə və Qazaxıstan strateji tərəfdaşlığı genişləndirmək istiqamətində fəaliyyəti davam etdirəcəklər. Ölkələr beynəlxalq və regional prosesləri, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) platformasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bu barədə bazar günü Türkiyənin “Akşam” qəzetində dərc olunmuş “Rəsmi şəkildə bəyan edildi. Dost ölkə ilə strateji tərəfdaşlıq davam edəcək” sərlövhəli məqalədə deyilir.
Məqalədə diqqət Türkiyə ilə Qazaxıstan arasında Astanada keçirilən siyasi məsləhətləşmələrin növbəti raunduna çəkilir. Müzakirələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Qazaxıstanı isə xarici işlər nazirinin müavini Alibek Bakayev təmsil edib.
Qəzet yazır: “Türkiyənin Astanadakı səfiri Mustafa Kapucunun da iştirakı ilə keçirilən görüşdə ticarət, iqtisadiyyat, investisiya, mədəniyyət, humanitar sahələrdə geniş əməkdaşlıq məsələləri müzakirə edilib. Türkiyə tərəfi Qazaxıstanın kənd təsərrüfatı sektorunda iri layihələrin həyata keçirilməsinə investisiya yatırmaqda maraqlı olduğunu bildirib”.
Türkiyə xarici işlər nazirinin müavini Qazaxıstana səfəri çərçivəsində Türkiyə səfirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəliyində də olub.