Prezident İlham Əliyevin Avropa Birliyi və NATO üzvü olan ölkədən verdiyi ciddi mesajlar!

A- A A+

Kəlbəcərdə təməlatmaların ardından İtaliyaya səfər etmiş dövlət başçısının məhz Avropa Birliyi və NATO üzvü olan ölkədən mesajlar verməsi təsadüf deyil. Antiterror əməliyyatları bitdikdən sonra Azərbaycanın ərazi bütüövlüyü tam bərpa olunaraq 30 illik separatçılığa son qoyuldu. İllərlə Qərbin uğursuz dəstəyini hiss etsək də, heç bir nəticə əldə etmədik. Bu gün elə ölkələrdən biri də Ukraynadır. Qərbin çox geniş dəstəyini arxasında hiss etsə də, ərazilərini itirdi, uğursuzluğa düçar oldu. İndi də ərazi bütövlüyünü bərpa etməyə çalışır. Elə bu yaxınlarda, tam olaraq sentyabrın 6-da İtaliyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda belə bir ifadə işlətdi: “…Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”. Bəli, belə də oldu. Azadlıq necə zərrə-zərrə, qram-qram əldən verilmişdisə xarici güclərin hesabına, heç bir dəstək olmadan elədə geri qaytarıldı hər qayası, hər daşı.

Bu səfər ilk günündən ta son gününə qədər Prezident İlham Əliyevin verdiyi mühüm mesajlarla yadda qaldı. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Əlbəttə ki, siyasi iradə olmadan bir nömrəli tərəfdaş statusunda qalmaq çox çətin olardı. Şübhə yoxdur ki, iki ölkə qarşılıqlı surətdə siyasi iradə, iqtisadi üstünlük nümayiş etdirməyi illər uzunu bacarıb. İtaliya Azərbaycana doğma qardaş deyil, türk respublikaları deyil, Rusiya deyil, İngiltərə və yaxud ABŞ deyil. Bir çox ölkələr kimi yaxın və uzaq ölkə statusunda da deyil. İtaliya ölkəmizin bir nömrəli ticarət tərəfdaşıdır və bu uzun illərdir, belədir, dəyişməzdir, stabildir. Bu da onun göstəricisidir ki, iki ölkə arasında qarşılıqlı güvən var, keçmişə inam, ehtiram, gələcəyə böyük etibar var. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ədalətli mövqe tutan İtaliya Cənubi Qafqaz respublikaları arasında öz səfirliyini ilk dəfə 1997-ci ildə Azərbaycanda açdı.

Ötən il İtaliya ilə Azərbaycanın ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın oldu. Bu artım potensialı təkcə enerji sektorunda deyil, digər sahələrdə də özünü qabarıq şəkildə göstərdi. Bununla da Azərbaycan İtaliyanın bir nömrəli neft və qaz təchizatçısına çevrildi. 2022-ci ildə Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması və universitetə bu il ilk dəfə keçirilən qəbulun birinci turunda plan yerlərinin 95,52% dolması bu münasibətlərin əyani sübutudur. Bütün bunlar 30 illik tərəfdaşlığın, qarşılıqlı inamın bəhrəsidir. Həmçinin yeni tədris ilinin başlandığı sentyabr ayı Vətən torpaqlarında bütün sahələrdə dərs ayı olmaqla yanaşı, İtaliya ilə də yüksək səviyyəli əlaqələrin qırılmaz nöqtəyə gəlməsinə yeni rəng yeni məzmun qatdı. Bu ay hərb tariximizin zəfər ayıdır. 15 sentyabr – Bakının daşnak-bolşevik işğalından qurtuluş günü (1918), 20 sentyabr – Antiterror tədbirlərinin (2023) keçirilməsi günü və 27 sentyabr – II Qarabağ müharibəsinin başlandığı (2020) gündür.

Biz bu gün Ukraynadan fərqli olaraq maddi, hərbi, siyasi dəstək görmədən ən ağır iddiham və iddialarla üz-üzə qalaraq haqq savaşından qalib çıxdıq. “Biz o gün bu gündür”, – deyib bayrağımızı əzəli torpaqlarımızda dalğalandırdıq. Ona görə də bizim əks hücumumuz, antiterror tədbirlərimiz qələbəmizin nə qədər müqəddəs amal uğrunda olduğunu bir daha sübut edir.

Bu gün sosial yaşamda enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Prezidentin mesajlarından biri də bu idi ki hal-hazırda Azərbaycan qazını alan 10 ölkədən 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı ümumi-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik boru kəməri bu gün həmin 10 ölkənin enerji təhlükəsizliyini təmin edir.

Prezident məhz o kürsüdən dünyaya çatdırırdı ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Müzəffər Ali Baş Komandan bir daha izah etdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, cəsarət və real güc də var. 30 il ərzində işğal altında qalan ərazilərimiz, beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri, onların yaratdığı qruplar heç bir nəticə əldə etmədi.

 Bəzən elə məsələlər olur ki, onlar beynəlxalq hüquqla nizamlanmır. Həmin zaman masa üzərində digər amillərdə olmalıdır. Yeni model kimi. Yeni modelin ilk nümunəsi isə Azərbaycandır. Siyasi iradə göstərən və xalqın səfərbər olması ilə ciddi dəyişikliyə səbəb olan Azərbaycan modeli.

Praqmatik zəkası və uzaqgörən siyasəti ilə cənab Prezidentin Beynəlxalq Çernobbi Forumundakı son sözləri bunu deməyə əsas verir ki, Azərbaycan çox güclüdür və istənilən haqsızlığa qarşı ədalətli mövqe seçib. Ölkəmizin Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan etməsi isə tam yerində verilən qərardır. Əgər onlar körpülərin qurulmasını, təmasların genişləndirilməsini istəyirlərsə, cənab Prezidentin təbirincə desək: “…Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında tətbiq edilən qadağa aradan qaldırılacaq”.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: